Hansısa məmurun lüks, astronomik məbləğdəki maşın idarə edən oğlu onun kreslosunu “silkələyən” amillərdən sayılır. Artıq cəmiyyətdə adi qəbul edilən “daha bir məmur övladının lüks maşınları” başlıqlı xəbərlərin fonunda biz də müxalifətçi övladları ilə bu mövzuda qısa söhbət etdik. Məsələn, onlar necə maşın sürürlər? Və ya ümumiyyətlə, sürürlərmi? Elə bir imkanları olsaydı, onlar necə maşın tərcih edərdilər?
Müsavat başqanı İsa Qəmbərin böyük oğlu, minval.az saytının redaktoru İlkin Qəmbər bildirdi ki, onun maşını yoxdur və bu seçim onun özünə aiddir: “Düzünü desəm, uşaq yaşlarımdan məndə bizim gənclərə xas maşın sevgisi olmayıb. Eyni zamanda bu dəqiqə Bakıda maşının rahatlıqdan daha çox, narahatlıq yarada biləcəyini düşünürəm, ona görə maşın almaq fikrim yoxdur. Hesab edirəm ki, elə bir maşın almalısan ki, onun qiyməti illik gəlirinin yarısından az olsun, eyni zamanda aylıq xərci aylıq gəlirinin 10-15% keçməsin”.
Müsahibimiz dedi ki, lap çox pulu olsaydı da, lüks maşın almaq istəməzdi: “Mənim maraqlarım çox sadədir”.
Pənah Hüseynin oğlu Vaqif Hüseynin də maşını yoxdur: “Bu, onunla bağlıdır ki, mən maşın sürə bilmirəm. Maşın almağa da maddi imkanım yoxdur. Maddi imkanım olsaydı, ən çox benzinə qənaət edən maşınlara üstünlük verərdim. Lüks maşınları Azərbaycan kimi bir yerdə ən çox iş adamları sürürlər. Bu, onların iş həyatında nailiyyətlərinin göstəricisidir. Məmur övladlarının belə maşınları sürməsi isə başqa bir mətləbdən xəbər verir. Bu, onların başqa bir yarışa girdiyini göstərir. Buna mənfi münasibətim yoxdur. Amma normal ölkədə belə hal olmur və olmamalıdır”.
V.Hüseyn dedi ki, nə atasının, nə də özünün maşın sürməməsi ailə gələnəyindən irəli gəlir. “Bizim maşın sürmək arzumuz yoxdur” deyən müsahibimiz hesab edir ki, Azərbaycanda hazırda ən rahat nəqliyyat vasitəsi ictimai nəqliyyatdır. Onun fikrincə, benzin və sair xərcləri nəzərə alanda real mənzərə budur.
musavat.com
Son xəbərlər
Son Xəbərlər