İşçilər 300 nəfərin işdən çıxarıldığını deyir - “AzGranata”dan açıqlama

isciler-300-neferin-isden-cixarildigini-deyir
Oxunma sayı: 3680

““AzGranata” şirkəti pandemiya vaxtı 300-ə yaxın merçendayzeri (əmtəə təmsilçisi) işdən çıxarır. Bizə deyirlər ki, ərizə yazıb işdən çıxaq. Yazmayanları səhər 9-dan axşam 6-ya kimi "Meyvəli bazarı" yaxınlığında yerləşən ofislərində oturdurlar. Halbuki bizim işimiz ofisdaxili iş deyil”.

Bu iddia ilə “Qafqazinfo”ya şirkətin işçisi Ayşən Ağazadə müraciət edib. Onun sözlərinə görə, ümumilikdə həm Bakı, həm də region üzrə 300-ə yaxın meyçendayzer işdən uzaqlaşdırılır: “Deyirlər ki, şirkət “Veyseloğlu MMC”yə satılıb. Dünən vəkil dedi ki, sadəcə dekabr ayı üçün 300 manat maaş verəcəklər. Halbuki 470 manat maaş alırıq. Çoxumuzun da krediti var. Mənim müqaviləm mayın 1-də bitir. Mayın 1-nə kimi hər gün boş-boşuna gəlib burda ofisdə oturmaq  olar? Bizə nəzarət etmək üçün bir mühafizəçi də qoyublar. Bizi Əmək Məcəlləsinin 70 C maddəsiylə hədələyirlər. Hələ noyabr ayının pulunu da almamışıq”.

Digər şikayətçi Əfsanə Zeynalova isə bildirir ki, şirkət işdən çıxarmaqla bağlı qərarı onlara 1 ay əvvəlcədən bildirməli idi: “Maaşımızın isə üçdə iki hissəsini verəcəklərini deyirlər. Bir çox yerə şikayət etmişik. Müqaviləyə qol çəkib "gedib evdə oturun" deyirlər. Biz bilirik ki, evdə otura-otura heç kimə pul vermirlər”.

Şirkətin Gəncədə yerləşən bölməsinin meyçendayzeri Günay Məmmədovanın sözlərinə görə, artıq müqaviləsinə xitam verilib: “Müqavilənin 77-ci maddəsində bildirilir ki, işçini işdən çıxarmadan 1 ay öncə məlumatlandırmaq lazımdır. Yoxsa müqavilə pozula bilməz. 3 ildir ki işləyirəm, 6 aydan bir müqaviləm təzələnib. Müqaviləni bizə də göstərmirlər və qol çəkmirik. Bizə noyabrın 30-da deyirlər ki, şirkət Veyseloğlu MMC-yə satılıb. "Təzminat ödəniləcəkmi?" məsələsini soruşanda isə "müqavilən bitib" deyirlər. Fəhlələr, anbarda işləyənlər, sürücülər, sürücü köməkçilərinin qarşılarına müqavilələri qoyulub və deyilib ki, bitdiyinə görə sizlə sağollaşırıq”.

Sözügedən şikayətdən sonra bu gün şirkətin İdarə Heyətinin sədri Şaiq Mirzəyev “Qafqazinfo” ilə əlaqə saxlayıb. O bildirib ki, şirkət həm istehsalat, həm də satış fəaliyyəti göstərib: 

“Ancaq qərara gəldik ki, bundan sonra vaxtımızı daha çox istehsalata sərf edək. Satışı isə bu sahədə özünü göstərmiş, böyük bir resursa sahib olan “Veyseloğlu” şirkətinə həvalə edək. Bununla bağlı sözügedən şirkətlə müqavilə imzaladıq.  İşçilərə elan etdik ki, yaxın perspektivdə satışımız olmadığı üçün bundan sonra əmək müqaviləsi bitənlərin müqaviləsinin vaxtını uzada bilməyəcəyik.  Hər bir işçiyə də təbii ki onun bütün təminatları ödəniləcək. Təəssüf edirəm ki, işçilər rəhbərin  qəbulunda olmadan və ondan son sözü eşitmədən mediaya üz tutublar. Şirkətimizdə çalışan  heç bir işçi, əməkdaş barədə  qanunazidd hərəkətlər həyata keçirilmir. Belə bir şey ola bilməz.  Müqaviləsi bitən işçilərə əlavə işləmədiyi aya görə maaş veririk. Həmçinin ödənilməmiş məzuniyyət və noyabr ayının əməkhaqqısı ilə də təmin edirik.  Müqaviləsi bitməyənləri isə başqa işlərlə təmin edəcəyik. Bizim şirkət olaraq böyük hədəflərimiz var və çalışacağıq ki, bundan sonra öz məhsullarımızın keyfiyyətini daha da artıraq”.

Günel Türksoy