“Regionun, ümumilikdə, dünyanın inkişaf dinamikasına müsbət təsir edən, mühüm töhfələr verən Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır. Bu layihələr sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, region ölkələrinin iqtisadi baxımdam inkişafında əvəzedilməz faktor kimi çıxış edir. Qardaş Türkiyə, Gürcüstan, İran və digər dövlətlərlə mövcud iki və çoxtərəfli əməkdaşlıqlar gələcəkdə böyük perspektivlər vəd edir. Təbii ki, işğalçı Ermənistan isə bütün bu layihələrdən kənarda çöküş dövrünü yaşayır. Bu gün işğalçı ölkədə siyasi gərginlik davam edir, iqtisadiyyat iflas həddindədir, əhali xaricə axın etməkdə davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O, bunun səbəbini işğalçılıq siyasəti, Azərbaycan və digər ölkələrə qarşı əsassız ərazi iddiaları, terrorçu siyasi rejimlə əlaqələndirir: “Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı xüsusi olaraq bu məsələyə toxunub və iyirmi il hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejiminin süqutundan danışıb. Prezident bəyan edib ki, bu, kriminal rejimin məntiqi acı sonudur.
20 il ərzində Ermənistandakı kriminal rejimin işğalçılıq siyasətinə biganə qalan beynəlxalq təşkilatlar yenə də ikili standartlardan əl çəkmək istəmir, baş verənlərə obyektiv qiymət verməkdən boyun qaçırırlar. Ölkə başçısının “Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb” fikri bəzi beynəlxalq təşkilatlar üçün dərs olmalı, hadisələrə bundan sonrakı yanaşmalarında əsaslı dönüş yaratmalıdır. Demokratiyadan, insan haqlarından danışan bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələrə göz yummamalıdır”.
Son xəbərlər
Son Xəbərlər