“İşinə məsuliyyətsiz yanaşdığını görsək…”

isine-mesuliyyetsiz-yanasdigini-gorsek
Oxunma sayı: 1446

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsini iclasından sonra jurnalistlər qarşısına çıxıb. “Qafqazinfo” xəbər verir ki, klub rəsmisi əvvəlcə komandasının çempionatdakı çıxışından danışıb.

O, hücum xəttinin zəif oynadığını bildirib: “Çempionatın ikinci yarısında uğursuz nəticələr olub. İlk görüşdə “Kəpəz”ə böyük hesabla uduzduq. Bundan sonra komanda ilə görüşdük və psixoloji gərginliyi aradan qaldırdıq. Sonrakı oyunlarda bu öz təsirini göstərdi və qələbələr qazandıq. Sadəcə fərq ondadır ki, əvvəlki illə müqayisədə hücum xəttimiz yaxşı çıxış etmir. Zəif oynayırlar və bu hiss olunur. Bunun səbəbi iki futbolçumuzun – Dodo və Aleksey Antonovun olmamasıdır. Son oyunda “Xəzər Lənkəran”a qarşı yaxşı çıxış etdik və üstün idik. Amma qol vura bilmədik. Fikrimcə, zədəli futbolçularımız qayıtsa, hər şey yoluna düşəcək”.

Nəcəfov baş məşqçi Roman Qriqorçukun istefaya göndərilməsi haqqında gəzən söz-söhbətələrə də münasibət bildirib: “Roman Qriqorçukun istefası məsələsi son zamanlar çox danışılır. Onunla müqaviləmizi 1 il uzatmışıq. Ukraynalı məşqçi ilə nəticələrimiz göz önündədir. Güclü məşqçi olmasına heç kimin şübhəsi yoxdur. Ona görə də bu söz-söhbətlər şaiyədən başqa bir şey deyil. Nə vaxt problem olduğunu görsək, işinə məsuliyyətsiz yanaşdığını hiss etsək, onda bu barədə danışmaq olar. Hazırkı vəziyyətdə onun istefası müzakirə mövzusu deyil”.

Elsevər