“İslahatlar daha çox Bakı Apellyasiya Məhkəməsində nəzərə çarpır”

islahatlar-daha-cox-baki-apellyasiya-mehkemesinde-nezere-carpir
Oxunma sayı: 2753

Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Vasif İsrafilov məhkəmə-hüquq sahəsindəki islahatlarla bağlı danışıb.

"Qafqazinfo" xəbər verir ki, o, islahatların Bakı Apellyasiya Məhkəməsində daha çox gözə çarpdığını bildirib:

"Mənimlə hamı həmfikir olmaya da bilər. Hesab edirəm ki, son bir il ərzində Bakı Apellyasiya Məhkəməsində islahatlar daha səmərəli aparılır. Hakimlər  ədalətlilik, humanizm, qanunçuluq və bərabərlik prinsipinə ən çox bu məhkəmədə riayət edir. Məhkəmənin iş prinsipi çox gözəl qurulub.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən sərbəst, müstəqil, ittiham tərəfindən çəkinməyərək ədalətli və qanuni qərarların çıxarılmasının, işlərin hərtərəfli araşdırılmasının, düzgün nəticəyə gəlinməsinin şahidi oluram".

Vəkil qeyd edib ki, bu məhkəmədə müdafiə tərəfi ilə ittiham tərəfinə bərabər şəkildə yanaşılır: "Son dövrlər icraatımda olan işlərlə bağlı deyə bilərəm ki, Bakı Apellyasiya Məhkəməsində işlərə baxılarkən hakimlər, əsasən də cinayət işləri üzrə işlərdə müdafiə tərəfi ilə ittiham tərəfi arasında fərq qoyulmur. Buna misal olaraq, son dövrlərdə cinayət işləri ilə bağlı məhkəmənin çıxardığı bəraət hökmlərini, əməlin düzgün tövsifünə xüsusilə diqqət yetirilməsini, müdafiə tərəfinin sübutlarının və vəsatətlərinin araşdırılmasını və sair halları göstərə bilərəm. 

Nəzərə alsaq ki, Bakı Apellyasiya Məhkəməsinin ölkədə daha böyük hakim korpusuna malik olmasına baxmayaraq, qısa zaman ərzində görünən müsbətə doğru dəyişiklik nəinki biz vəkillər üçün, bütün hüquq camiəsi üçün sevindirici haldır".