“İslam düşmənliyi və ksenofobiyaya “dur” deyilməlidir”

islam-dusmenliyi-ve-ksenofobiyaya-dur-deyilmelidir
Oxunma sayı: 703

“Holokost, Bosniya, Ruanda, Kamboca kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq aləm hərəkətə keçməlidir. Xüsusən rəqəmsal platformalar və media orqanlarının da təsiri ilə artan İslam düşmənliyi və ksenofobiyaya “dur” deyilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Yanvar Holokost Qurbanlarını Beynəlxalq Anma Günü münasibətilə danışarkən deyib.

“İnsanlıq olaraq çətin bir dönəmdən keçirik. Pandemiya ilə yanaşı, irqçilik virusu da get-gedə artır. Məscid, sinaqoq və kilsə kimi ibadətxanalara qarşı zorakılıq aktlarında ciddi artım müşahidə edilir. Milli kimlik, din, dil, xarici görünüşü fərqli olan cəmiyyət kəsimlərinə qarşı nifrət cinayətləri günü-gündən çoxalır”, - deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan irqçi terrorun sosial sülh və insanların bir arada yaşamaq iradəsini təhdid etdiyini qeyd edib:

“Geridə qoyduğumuz əsrdə meydana gələn ağrılı hadisələr irqçi ideologiyaların hansı faciələrə yol aça biləcəyini göstərib. Milyonlarla insanın həyatını itirdiyi Holokost, Bosniya, Ruanda və Kamboca qətliamları bu hadisələrdən öncə sistemli ayrı-seçkilik, diskriminasiya və artan nifrətlə özünü bəlli edib. Bu soyqırımların hər biri beynəlxalq aləmə məsuliyyətini xatırladan bir nümunədir”.

Türkiyə Prezidenti ölkə olaraq bu istiqamətdə beynəlxalq platformalarda əmək sərf etdiklərini bildirib.