İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirildi - Yenilənib+Fotolar

islam-hemreyliyi-oyunlarinin-acilis-merasimi-kecirildi
Oxunma sayı: 2310

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

***

Türkiyədə V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə mərasimin keçirildiyi Konya Stadionunun üzərində “Türk Yıldızları” pilotaj uçuşları nümayiş etdirib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət və hökumət başçıları iştirak ediblər. 

Açılış zamanı Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olunub. Konya bölgəsinə məxsus “Qaşıq havası” rəqsi ifa olunub. Mövlanə Cəlaləddin Ruminin “Biz birləşdirməyə gəldik, ayırmağa gəlmədik” kompozisiyası təqdim  edilib. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan edib. 

Azərbaycan atletləri meydana daxil olan zaman böyük alqış və rəğbətlə qarşılanıb. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır.

Amin Nəzərli