İslamiadada iştirak edən idmançılarımızın sonuncu qrupu Vətənə qayıtdı - Fotolar

islamiadada-istirak-eden-idmancilarimizin-sonuncu-qrupu-vetene-qayitdi
Oxunma sayı: 719

V İslam Həmrəyliyi Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyətinin sonuncu qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, onlar arasında medal qazanan idmançılar da var.

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayıblar.

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Belə ki, bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır.

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 9-dan 18-dək keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb.