“İslamofobiya Avropa müsəlmanları üçün ciddi təhlükəyə çevrilib”

“İslamofobiya Avropa müsəlmanları üçün ciddi təhlükəyə çevrilib”
Oxunma sayı: 945

Avropada islamofobiyanın sürətlə yayılması qitədə yaşayan milyonlarla müsəlmanın təhlükəsizliyinə ciddi təhdidlər yaradır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Quran-i Kərim oxumağa həsr olunmuş müsabiqə iştirakçıları qarşısında çıxış edərkən bildirib.

“Avropada vəziyyət narahatlıq doğurur və orada yaşayan müsəlmanların təhlükəsizliyinə ciddi təhlükəyə çevrilib”, - dövlət başçısı deyib.

“Koronavirus kimi təhlükəli olan islamofobiya virusu sürətlə yayılır, xüsusilə Avropa ölkələrində”, - türkiyəli lider qeyd edib.

Onun sözlərinə görə, irqçilik, ayrı-seçkilik, immiqrasiyaya qarşı mübarizə və dözümsüzlük Avropada tüğyan edən “sosial xəstəliklər”in yalnız bir hissəsidir.

Prezident Ərdoğan bildirib ki, 35 milyon müsəlmanın, o cümlədən 6 milyon türkün yaşadığı Avropa “qardaş və bacılarımız üçün açıq səma altında həbsxanaya çevrilir”.

Dövlət başçısı müsəlman cəmiyyətinin mənfi reaksiyasına baxmayaraq, Fransa hökumətinin “ekstremizmə qarşı mübarizə” haqqında qanun qəbul etmək niyyətindən ciddi narahatlığını ifadə edib.

“İnsan hüquqlarına, əqidə azadlığına və Avropa dəyərlərinə açıq şəkildə zidd olan qanunun qəbul edilməsi Fransa demokratiyası üçün gilyotin olacaq”, - o xəbərdarlıq edib.

Bu addımların faydadan daha çox zərər gətirəcəyini deyən Ərdoğan Fransa Prezidenti Emmanuel Makronu və Fransanın digər rəsmilərini ağıllı hərəkət etməyə çağırıb.

“Biz Fransa hökumətinin aprelin 12-də Senat tərəfindən qəbul edilmiş bu qanun layihəsindən dərhal imtina edəcəyini gözləyirik. Bildirmək istəyirəm ki, Türkiyə terrorizmə və inteqrasiyaya qarşı mübarizə məsələləri ilə bağlı hər kəslə, o cümlədən Fransa ilə əməkdaşlıq etməyə hazırdır”, - deyə o əlavə edib.