İttiham olunanların əksəriyyəti son sözlərində özlərini təqsirli bilmədiklərini, məqsədlərinin baş verən hadisələrin qarşısını almaq olduqlarını deyiblər. Bir neçə nəfər özünü qismən təqsirli sayıb. Onlardan biri Ceyhun Abbasov yanan otelə daş atdığını bildirib. Çıxış edənlər Çıraq otelinin tanımadıqları adamlar tərəfindən yandırıldığını bildiriblər.
REAL Hərəkatının lideri İlqar Məmmədov çıxışında Azərbaycan hakimiyyətini qanunlara əməl etməyən xanlıqlara bənzədib. Deyib ki, ölkədə şah qanun funksiyasını yerinə yetirir.
Müttəhimlərdən biri – Vasif İbrahimov deyib ki, o İsmayıllı rayonunda sahibkarlıqla məşğul olub. Hələ hadisədən bir-iki il əvvəl polislərin təhdidi ilə üzləşib. “3 il əvvəl polislərə haqq vermədiyim üçün məni şərləmişdilər. O vaxt hazırda bu işdə dövlət ittihamçısı olan Fuad Musayev İsmayıllıda prokuror işləyirdi. Mənə xəbər göndərib 3 min rüşvət istəmişdi. Son ana qədər o məndən bu pulu istədi. O pulu vermədiyim üçün məhkəmədə mənə 1 il cəza istədi. Sonradan hakim cəzanı 6 ay icbari işlə əvəz etdi”.
Dövlət ittihamçısı Fuad Musayev onun dediklərinə cavab verməyib.