İspan qrupundan Bakıda möhtəşəm çıxış - - Fotolar

ispan-qrupundan-bakida-mohtesem-cixis-
Oxunma sayı: 867


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez yüksək səviyyəli mədəniyyət ocağı olan nüfuzlu “ÜNS” teatrında “La Pinona” qrupunun çıxış etməsinə imkan yaradıldığına görə professor Nərgiz Paşayevaya minnətdarlığını bildirib. Xose Luis Diez Xuarez deyib: “Ötən ilin may ayında biz Bakıda İspaniya səfliyinin ofisini açdıq. Bu gün - həmin vaxtdan düz bir il sonra ispan mədəniyyətinin bir parçası hesab edilən flamenko rəqsini təqdim edirik. “La Pinona” qrupunun təqdim edəcəyi “Həyat, bədən və torpaq” adlı flamenko şousu insanın tarixi başlanğıcından bəri bir-biri ilə münasibətlərini üç müxtəlif formada təhlil edir və davranışlarımızın digər insanlar üzərində təsirə malik olduğunu göstərir. “La Pinona”nın sözləri ilə desək, biz həyatımız boyu mənimsədiyimiz və əcdadlarımızın bizə buraxdığı təcrübələrin birləşməsiyik. Biz köklərin və izlərin qarışığıyıq. Bütün bu təcrübələr həyatımızı hərəkətə gətirən sevgi və laqeydlik, destruktiv və ehtiraslı münasibətlərimizə əsaslanır”. Təqdim ediləcək şoudan tamaşaçıların zövq alacağına ümidvar olduğunu deyən müvəqqəti işlər vəkili vurğulayıb ki, ispan və Azərbaycan xalqlarının mədəni əlaqələri möhkəmləndirməkdə maraqları qarşılıqlıdır. Xose Luis Diez Xuarez diqqətə çatdırıb ki, Azərbaycan və İspaniya Avropanın iki müxtəlif tərəflərində yerləşir. İspaniya Şimali Afrika və Amerikaya, Azərbaycan isə Asiyaya açılan körpü rolunu oynayır. Hər iki ölkə müxtəlif sivilizasiyaları birləşdirir, mədəni müxtəlifliyə hörmətlə yanaşır və tolerantlıq nümayiş etdirir.

Sonra səhnə ispan virtuozlarının ixtiyarına verilib.

"“La Pinona” qrupunun çıxışı İspaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən İspaniya mədəniyyət günləri çərçivəsində təşkil olunub.