İspaniyada reperin həbsinə görə etirazlar səngimək bilmir - Video

ispaniyada-reperin-hebsine-gore-etirazlar-sengimek-bilmir
Oxunma sayı: 1146

İspaniyada terroru təbliğ etməkdə və Krala qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırılan reper Pablo Aselin həbsinə qarşı etiraz aksiyaları cümə axşamı günü də davam edib.

“Qafqazinfo” bildirir ki, bu barədə “El Pais” qəzeti xəbər verib.

Onun məlumatına görə, mitinq əsasən Barselonada keçirilib. Aksiya iştirakçılarının sayı 500 nəfərədək azalıb. Çərşənbə axşamı günü bu rəqəm 4,5 min təşkil edirdi. Aksiyanın aqressiv əhval-ruhiyyəli manifestantları polislərə daş və şüşə atıblar, zibil konteynerlərini yandırıblar.

Sabadeldə də etiraz aksiyası iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif əşyalar atıb və barrikadalar qurub. Daha bir mitinq Valensiyanın mərkəzində keçirilib. Burada polis bəzi manifestantlara qarşı güc tətbiq etməyə məcbur olub.

Çərşənbə axşamı və çərşənbə günləri keçirilən etiraz aksiyalarında onlarla etirazçı saxlanılıb, 60-dan çox insan xəsarət alıb.

Qeyd edək ki, Asel tvitterdəki paylaşımlarında və yutubda yerləşdirdiyi mahnısında terroru təbliğ etdiyinə və Krala qarşı təhqiramiz ifadələr işlətdiyinə görə doqquz aylıq həbs cəzasına məhkum edilib.