“İsrafil Ağa” hamamının sahibi saxlanılarkən döyülüb?

israfil-aga-hamaminin-sahibi-saxlanilarken-doyulub
Oxunma sayı: 3701

Qazax rayonunda bir neçə gün öncə polis əməkdaşları tərəfindən karantin rejimini pozduğu aşkarlanan və 10 gün müddətinə həbs edilən “İsrafil ağa” hamamının sahibi Eldəniz Əzimovun döyülməsi ilə bağlı iddialar var.

E.Əzimovun həyat yoldaşı Kəmalə Əzimova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, Qazax RPŞ-nin rəis müavini Şakir Rüstəmov hadisədən əvvəl bir neçə dəfə onun ərindən haqq tələb edib:

“Ədalət onun istədiyi pulu vermədiyi üçün polis əməkdaşları iş yerinə gələrək zorla aparmağa çalışıblar. Onlar Ədalətin əynindəki paltarı cıraraq başından zərbələr endirib. Bu vəziyyətdə o, huşunu itirib və onu təcili yardım stansiyasına aparıblar. Sonra yenidən əlini və ayaqlarını qandallayaraq polis şöbəsinə gətiriblər”.

K.Əzimova qeyd edib ki, “İsrafil Ağa” hamamı karantin dövründə yalnız kiçik camaşırxana kimi fəaliyyət göstərib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Qazax rayon sakini Eldəniz Əzimovun polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir: “Aprelin 6-da Qazax RPŞ-yə rayon ərazisindəki “İsrafil ağa” hamamının sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək bəzi qanunamüvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı hamamın sahibi Eldəniz Əzimovun, masaj xidməti göstərən iki qadının və müştərilərin sanitar-karantin qaydalarını pozması aşkar edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilən zaman obyekt sahibi E. Əzimov polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

Bununla əlaqədar onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə  (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxs 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

E.Əzimovun RPŞ əməkdaşları tərəfindən döyülməsi iddiasına gəldikdə isə, qeyd edim ki, vətəndaşın aidiyyəti qurumlara şikayətindən sonra Polis Şöbəsinin daxilində quraşdırılan kameralara baxış keçirilib və hər hansı bir döyülmə faktı aşkar edilməyib”.

Murad Əhməd