İsrail bir ilə Qəzzadakı hədəflərə 40 min aviazərbə endirib

israil-bir-ile-qezzadaki-hedeflere-40-min-aviazerbe-endirib
Oxunma sayı: 740

Son bir il ərzində İsrail ərazisinə 26 mindən çox mərmi, raket və pilotsuz uçuş aparatı atılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail Silahlı Qüvvələrinin Mətbuat xidməti yayıb. 

Bildirilir ki, bir ildir davam edən hərbi əməliyyatlar zamanı sözügedən raket və PUA-ların təqribən 13,2 mini Qəzza zolağından, 12,4 mini isə Livandan buraxılıb. Bununla yanaşı, 400-ə yaxın hava hədəfi İrandan, 180-i Yəməndən və 60-ı Suriyadan ölkə ərazisinə daxil olub. 

Eyni zamanda qeyd olunub ki, İsrail ordusu il ərzində Qəzza zolağında 14 minə yaxın terrorçu zərərsizləşdirib. 

“Bundan əlavə, Qəzzada HƏMAS hərəkatına məxsus 4,7 min tunel və raket buraxılışı üçün nəzərdə tutulan mindən çox meydança dağıdılıb. Ümumilikdə İsrail Qəzzadakı hədəflərə 40,3 minə yaxın aviazərbə endirib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağından İsrail ərazisini atəşə tutub. İsrail ərazisinə daxil olan HƏMAS döyüşçüləri sərhədyanı ərazilərin sakinlərini qətlə yetirib, çox sayda insanı isə girov götürüb. Fələstin-İsrail arasında vəziyyətin gərginləşməsinin ardınca İsrail HƏMAS-a qarşı “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.