İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin İranın nüvə proqramını dondurması ilə bağlı yalanını üzə çıxaran “gizli sənədlər” aşkarladığını bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bir neçə həftə əvvəl Tehranda gizli binada saxlanılan İranın nüvə arxivinin yarımtonluq sənədlərinin İsrail hökumətində olduğunu deyib. İsrail kəşfiyyatı 55 min səhifədən ibarət nüvə sənədlərini, 55 min fayl, 183 ədəd kompakt-diski ələ keçirib. Sənədlərdə əslində İranın nüvə proqramına davam etməsi görünür.
Qeyd edək ki, İran 2015-ci ildə ona tətbiq edilən sanksiyaların azaldılması müqabilində özünün nüvə proqramını dondurmağı qəbul etmişdi. Rəsmi Tehran proqramın hədəfinin yalnız sülh məqsədləri üçün nüvə enerjisi əldə etmək olduğunu təkid edirdi.
***
İranın xarici işlər naziri Cavad Zərif ölkəsinin gizli nüvə proqramı üzərində işlədiyini iddia edən İsrailin baş naziri Binyamin Netanyahunu “yalançı çoban” adlandırıb. Zərif Tvitterdə yaydığı açıqlamada bunları yazıb: “Yalançı çoban iddialarını 12 maydan bir neçə gün əvvəl ortaya atıb. ABŞ prezidenti Donald Tramp da nüvə sazişini pozmaq üçün köhnə ittihamlarına davam edir. Halbuki, Atom enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) bu iddiaları qabaqcadan araşdırıb”.
Xatırladaq ki, Netanyahu İranın nüvə proqramına gizlicə davam etməsi ilə bağlı əllərində sənədlərin olduğunu bildirmişdi. ABŞ prezidenti də bunu əldə əsas tutaraq İranla nüvə anlaşmasından geri çəkilməyə çalışır. Trampın İranla ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya arasında imzalanan nüvə sazişi ilə bağlı son qərarını mayın 12-də açıqlayacağı gözlənilir.
Nuranə
Son xəbərlər
Son Xəbərlər