İsrail orbitə kəşfiyyat peyki çıxardı

israil-orbite-kesfiyyat-peyki-cixardi
Oxunma sayı: 1808

Yeni nəsil "Ofek-16" kəşfiyyat peyki bu gün səhər İsrailin mərkəzi kosmodromundan orbitə buraxılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib:

"Bu gün saat 04:00-da İsrail Müdafiə Nazirliyi və İsrail aviasənaye şirkəti "IAI" "Ofek-16" kəşfiyyat peykini İsrailin mərkəzi kosmodromundan uğurla fəzaya buraxıb".

Peyk buraxıldıqdan sonra ölkənin mərkəzindəki Palmahim bazasında hərbi mütəxəssislər və elm adamları tərəfindən müşahidə olunub. 

İsrailin Müdafiə naziri Beni Qanz peykin buraxılmasını İsrailin müdafiə sənayesinin üstün nailiyyəti adlandırıb.

Briqada generalı Şlomi Sudri xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında "Peykin orbitə çıxarılması son dərəcə uğurlu oldu. İndi kosmik gəmi orbitdə öz missiyasını yerinə yetirir və biz artıq yerüstü idarəetmə mərkəzində "IAI"-də sabit bir siqnal tuta bilirik və bu da peykin plana uyğun işləməsini göstərir"- deyib.

Bildirilir ki, "Ofek-16" İsrailin əvvəllər orbitə buraxdığı digər kosmik aparatlarla birlikdə işləyəcək.