İstehlak kreditləri məhdudlaşdırılsın? - Araşdırma

istehlak-kreditleri-mehdudlasdirilsin-arasdirma
Oxunma sayı: 675

Əvvala, statistika göstərir ki, bu gün dünyanin bütün ölkələrində istehlak kreditlərinə tələbat ildən-ilə artır. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, inkişaf etmiş ölkələrlə müqayisələr Azərbaycanda istehlak kreditlərinin kredit portfelində payının yüksək olmadığını göstərir: “Dünyada istehlak kreditlərinin həcmi 6 trilyon avroya yaxındır. Dünya üzrə istehlak kreditlərinin təxminən 1,5 milyard avrosu Avropa Birliyi ölkələrinin payına düşür. Bu kreditlərin 75 faizi Avropanın 5 ölkəsi –İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniyada,25 faiz isə digər birlik ölkələrindəverilib”.

Avropada “məişət borcu”, “ev borcu” adlandırılan bu kreditlərin həcmi, həmin ölkələrin ÜDM-nin yarıdan çoxunu keçib və hətta ona bərabərləşmiş səviyyədədir. Ölkəmizdə isə təqribi hesablamalara görə, əhalinin yalnız istehlak deyil, ümumi kredit borcları ÜDM-in 10%-dən azdır. Ekspertlərin fikrincə, təkcə bu fakt kifayət edir ki, istehlak və pərakəndə kreditləşmə sahəsində vəziyyətin təhlükəli olmadığı təsdiqini tapsın. Digər tərəfdən, hazırda bu sektorda bankların kredit portfeli ən yaxşı halda 1,5- 2 milyard manat arasında dəyişir. Ən mühafizəkar qiymətləndirmələrə görə isə, bu gün Azərbaycanda istehlak və pərakəndə kreditlər bazarında tələbat ən azı 6 milyard manat təşkil edir. Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Mərkəzi Kredit Reyestrində qeydiyyatdan keçənlərin 1,5 milyondan bir az artıq olduğunu da nəzərə alsaq, bu gün Azərbaycan banklarının əhalinin bu kreditlərə tələbatını ödəmək qabiliyyətindən hələ uzaq olduğu faktdır. Bu halda isə “ölkə əhalisinin çox hissəsinin kredit borcu içində üzdüyü” də təsdiqdən çox uzaq görünür.

Son illərdə bir sıra bankların koporativ kreditləşmədən istehlak kreditləşməsinə keçməsini, əhalinin gəlirlərinin artımı ilə əlaqələndirən Vüqar Bayramov deyir ki, biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri daha rentabellidir: “Xüsusilə kiçik istehlak kreditlərində risklər də azalıb. Problemli kreditlərin tərkibində istehlak kreditlərinin payı biznes kreditləri ilə müqayisədə aşağıdır”. Banklardan deyirlər ki, bu gün bank bazarında pərakəndə və istehlak kreditlərinin illik səmərəlilik dəyəri 35-40% təşkil edir. Bura bu kreditlərin alınması ilə bağlı olan xərclərin bütün növləri daxildir. Rusiya, Ukrayna və Belarus banklarının nümunəsində isə görünür ki, bu kreditlərin dəyəri Azərbaycandan daha yüksəkdir və illik 70-80%-ə çatır.

İstehlak kreditlərinə tələbat

İqtisadçı-ekspert Vüsal Qasımlı hesab edir ki, nə qədər orta sinif böyüyəcəksə və gəlirləri artacaqsa, onda istehlak kreditlərinə də ehtiyac olacaq. Beynəlxalq maliyyə qurumlarının da hesabatına görə, qarşıdakı illərdə Azərbaycanda orta sinifin sürətlə inkişaf etmək perspektivi yüksəkdir. Dünya Bankının aparıcı iqtisadiyyat və ölkə üzrə sektor koordinatoru Raşmi Şankarın fikrincə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, orta sinfin yaranması və ümumdaxili məhsulda adambaşına düşən vəsaitin 20 min dollaradək artması imkanları var. Asiya İnkişaf Bankı isə hesablayıb ki, 2030-cu ilə qədər Asiyada ən sürətlə inkişaf edən orta sinif Azərbaycanda olacaq.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin fikrincə də, bu gün ölkədə istehlak kreditlərinin müsbət tərəfi ondadır ki, istehlakçılar əllərində nağd pulları olmadığı halda, bu cür kreditlərdən faydalana bilir, məişət əşyalarına, digər əşyalara olan ehtiyaclarını ödəyirlər.

Bakı Hüquq Mərkəzinin partnyoru, kommersiya hüququ üzrə mütəxəssis Mehman Sultanov isə deyir ki, son illərdə Azərbaycanda istehlak kreditlərinin geniş yayılması sözsüz ki, ölkə iqtisadiyyatına böyük töhfə və təkandır: “İstehlak kreditləri hesabına bu kreditlər vasitəsilə reallaşdırılan əmtəələrin satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin, yəni sahibkarların əlavə imkanları yaranır ki, əlavə işçi qüvvəsi cəlb etsinlər. Bu, o deməkdir ki, yeni iş yerləri yaranır, istehlak kreditlərini istifadə edən insanlar elementar olaraq tələbatlarını ödəyirlər. Kimsə öz övladının cehizliyini kreditlə alır. Azərbaycanda adət-ənənələrə yanaşma belədir ki, cehizlik heç də xırda məbləğlə kifayətlənmir və cehizliyi hər bir ailə birdəfəlik nəğd ödənişlə ala bilmir. İstehlak kreditləri o ailələrin köməyinə çatır. Azərbaycanda banklar da istehlak kreditlərini verəndə mənfəət mənbələri yaranır. Banklar istənilən iqtisadiyyatın sütunudur. Banklar da işçi saxlayırlar, onlara əmək haqqı verirlər. Mən hesab edirəm ki, istehlak kreditlərinin müsbət tərəfləri mənfi tərəflərindən qat-qat çoxdur”.

İqtisadçı-ekspert Samir Əliyev istehlak kreditlərinin olmasını çox vacib sayır: “Çünki insanların istehlak tələbatının ödənilməsi zamanı zəruri pul vəsaiti olmadıqda banklara müraciət edərək kredit götürürlər. İstehlak krediti bütün dünyada geniş yayılıb. İnsanlar kreditlərdən istifadə etməklə mənzilləri üçün lazım olan avadanlıqları ala bilirlər. Bu kreditlər sosial yönümlü olduğu üçün, onun müştəriləri olan əhalinin hüquqları ayrıca qanunla tənzimlənir”.

Alıcılar nə deyir?

Rəna Sultanova adlı alıcının sözlərinə görə, o qızını yaxın günlərdə gəlin köçürəcək və ona görə də bütün cehizini kreditlə alıb: “Axı, bizim kimi orta yaşayış səviyyəli insanlar birdən-birə bu qədər pulu haradan tapa bilər ki, hər şeyi nağd alsın. Düzdür, üstünə faiz gəlir. Amma daha yaxşı variant yoxdur. Yenə kredit götürəndə məcbur olub hər ay ödəyirik”.

Yeni mənzilə köçən Cavid Əliyev də evinin bütün texniki vasitələrini kredit yolu ilə əldə edib: “Bu yaxınlarda yeni ev aldığım üçün texniki əşyaları nağd almağa pulum olmadı. Banka müraciət etdim. Çox sağ olsunlar ki, mənə bu şəraiti yaratdılar. Hər ay maaşımdan 288 manat, ayırıb kreditimi ödəyirəm”.

İstehlak kreditləri dayandırılsa...

Göründüyü kimi, müəyyən çatışmazlıqlarına baxmayaraq, istehlak kreditləri, eləcə də müəyyən xərclərimizi qarşılayan nağd kreditlər, həyatımızın vacib hissəsinə çevrilib. Məhz bu yolla insanlar, öz məişət ehtiyaclarını ödəyirlər: Rəna xanım qız;na cehiz alır, Cavid Əliyev soyuducudan televizoradək, bütün məişət əşyalarını kreditlə alır. Əgər bu şəxslər sözügedən tələbatlarını maaşlarını hər ay toplamaqla alsaydılar, ömürləri çatardımı görəsən?! Bu halda istehlak kreditlərinin məhdudlaşdırılmasını təklif edənlər, bu kreditlə məişət problemlərini həll edənlərin hansı çətinliklə üzləşəcəyini düşünürlərmi?!

Ekspertlərin fikrincə, bu məhdudlaşdırmanın iqtisadiyyata vurduğu ziyanın təsir zolağı mal dövriyyəsinin kiçilməsindən, müəssisələrdə, banklarda iş yerlərinin azalması və ən nəhayət reklam şirkətlərinin fəaliyyətinə öz mənfi təsirinədək, çox sahədə özünü göstərəcək. İqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, həmişə maliyyə bazarında maliyyə alətlərinin azalması, tələbə nisbətən təklifin azlığı, bankların risklərə getməmək baxımından öz fəaliyyətlərini məhdudlaşdırması bütün hallarda lombardların, sələmçilik fəaliyyətinin geniş tətbiqinə imkan yaradır.

Nigar Məmmədli