İstehlak kreditlərinin həcmi 4 milyarda çatıb

istehlak-kreditlerinin-hecmi-4-milyarda-catib
Oxunma sayı: 744

"2021-ci ilin ilk 8 ayında istehlak kreditlərinin həcmində artımlar davam edib. Mərkəzi Bankın məlumatına görə, ötən ili 3 milyard 661 milyon manatlıq istehlak kreditləri ilə başa vuran banklar bu ilin ilk 8 ayında istehlak kreditlərinin həcmini 4 milyard 132 milyon manatadək yüksəldiblər. Bu isə o deməkdir ki, yalnız 8 ay ərzində istehlak kreditlərinin həcmi 471 milyon manat artıb".

"Qafqazinfo" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov istehlak kreditlərinin həcminin artmasına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, təhlil olunan dövrdə ümumi kredit portfeli və biznes kreditlərinin həcmində də artımlar qeydə alınıb: "Bununla belə, ötən ilin sonu ilə müqayisədə bu ilin 8 ayı ərzində ümumi kredit portfeli 6.9 faiz, biznes kreditlərinin həcmi 3.8 faiz artasa da istehlak kreditlərinin həcmi 12.0 faiz artıb. Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur və ikirəqəmli artım faizi ilə ifadə olunur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur.

Bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərinin həcminin artması və həm də real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil.

Bu kontekstdən, Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur. Stimullaşdırıcı metodlarla bankların biznes kreditləşməsinə marağının daha artırılmasına ehtiyac var".