Zlatan İbrahimoviçin PSJ ilə müqaviləsi başa çatmaq üzrədir. Buna baxmayaraq isveçli ulduz gələcəyi barədə açıqlama verməkdən boyun qaçırır. İbrahimoviç bu və digər mövzularda Fransa mətbuatının suallarını cavablandırıb. “Qafqazinfo” goal.az-a istinadən onun müsahibəsini təqdim edir.
- Gəlin, pul haqqında danışaq.
- Olar. Məncə, xoşbəxtlik pulda olmasa da, maddi imkan hər şeyi asanlaşdırır. İnsanlar bunu başa düşməlidir.
- 2015-ci ildə sizin maaşınız 20 milyon avro təşkil edib..
- Əminsiniz? İlin ilk 6 ayında olub.
- Hər halda, bu da çoxdur.
- "Çox" nə deməkdir? Bunun nə olduğunu bilmirəm. Qiyməti bazar müəyyən edir, Həvəs və mətbuat yox. "Çox" və ya yox - mənim problemim deyil. Mənim bazarın tələbi maraqlandırır. Bazar deyir: "Bu, sənin qiymətindir". 10 qat yaxşı oyunçu 10 dəfə çox pul alacaq. Bu mexnizm belə işləyir.
- Xüsusilə iqtisadi böhran zamanı bu rəqəm istənilən adamı şoka sala bilər.
- Siz nə qədər vergi ödədiyimi bilirsiniz? Bu ölkəyə Fransua Ollanddan (red.Fransanın prezidenti) daha çox xeyir vermişəm.
- Amma 75% vergi artıq gündəmdə deyil.
- Dediyinizə inanırsız? Mən bunu ödəməkdə davam edirəm. Vergilərlə Fransaya çox kömək edirəm.
- Ölkə kubokunun finalından öncə Ollandla görüşdünüz?
- Prezidenti deyirsiz? Onu şəxsən tanımıram. Mənimlə görüşmək şərəfi ona nəsib olmadı.
- Siz Paris klubuna keçəndə O, yenicə prezident seçilmişdi. Ollandın bu qədər məşhur olmamasının səbəbi nədir?
- Məşhurluq özünü necə təqdim etməyindən asılıdır. Mən özüm kimiyəm. Onu tanımıram deyə əvəzinə danışmıram. Amma istəsəm, Ollandı məşhur edə bilərəm. Lakin istəmirəm.
- O, 2017-ci ildə ikinci müddətə prezident seçiləcəkmi?
- Bilmirəm. Düzü, onun nə iş gördüyündən xəbərim yoxdur. Qərarı Fransa xalqı verəcək.
- Fransada baş verənlər barədə nə deyə bilərsiz?
- Bu mənim sahəm deyil. İşim uşaqları sevindirmək və futbol oynamaqdır. Siyasətə qarışmıram. Siyasət barədə heç nə bilmirəm, bu səbəbdən danışa bilmirəm.
- Sağ, yoxsa sol cəbhəyə meyillisiz?
- Özümü hər yerdə görürəm. Mən xalqın adamıyam.
- Qaçqın problemi barədə nə deyə bilərsiniz?
- Fikrimcə, xarici qaçqınlara kömək etmək lazımdır. Xatırlayıram ki, keçmiş Yuqoslaviyada müharibə olanda ailəm İsveçə mühacirət etmişdi. Belə məsələlər diqqətdən kənarda qalmamalıdır.
- İrqçiliyin qurbanı olmusunuz?
- Xeyr, buna qarşı mübarizə aparmışam. Çünki müxtəlif etnik köklərim var. Olduğum hər yerdə rasizm fikirlərini ifşa etmişəm.
- Noyabrın 13-ü Parisdə baş verən teror aktlarına necə reaksiya verdiniz?
- Çox kədərləndim. Gərək bunlar olmayaydı. Təkcə Parisdə deyil, dünyanın heç bir yerində. Mənim üçün həyat sülh və sevgidən ibarətdir. Doğulduğu yerdən asılı olmayaraq, hamını sevirəm. Futbolu dinim kimi görürəm. Mənə görə insanın milliyyəti, dini inancı fərq etmir. Futbol dünyanın ən möhtəşəm idman növüdür. O, insanları birləşdirir. Bu hərəkatın bir hissəsi olduğum üçün bəxtim gətirib.
- Fransa barədə danışın.
- İbra gəldi və Fransanın başçısı oldu. Bu qədər kifayət edir.
- 2015-ci ilin martında "Bordeaux"la matçdan sonra ölkəmizi təhqir etməyiniz azarkeşləri şoka salmışdı.
- Söhbət ancaq futboldan gedirdi. Ölkənin özünə iradım yox idi. Bunlar iki fərqli mövzudur. Səhv etsəm də, sözlərim futbola aid idi. 4 il yaşadığın ölkəni sevməmək qeyri-mümkündür. Burda yaşamaq xoşuma gəlməsəydi, əvvəldən gedərdim.
- Oynadığınız klublar arasında PSJ sizin üçün hansı yerdədir?
- Karyeramın tarix baxımından ən böyük klubu "Milan" olub. Bütün aspektlərdə qeyri-adi klub idi. Bütün oyunçular səviyyəli... hər şey mükəmməl idi. PSJ inkişaf etməyə çalışır. Amma hələ həmin səviyyədə deyil.
- PSJ-nin Çempionlar Liqasını qazanmaq üçün nəyi çatışmır?
- Bu məsələnin çatışmazlıq və ya üstünlüklə bağlı olduğunu düşünmürəm. Vaxt gələcək, klub Çempionlar Liqasının qalibi olacaq. Konkret müddət demək asan deyil. Bu layihə 4 il öncə həyata keçirilməyə başladı. Bu 4 il ərzində PSJ inanılmaz nəticələr göstərib. Qısa zaman kəsiyində bu, normal qəbul olunmamalıdır. Adətən nəticə qazanmaq vaxt tələb edir.
- Loran Blan ən güclü mütəxəsislər sırasındadır?
- O, PSJ-də fantastik işlər görür. Blan komandaya 12 titul qazandırıb. Bu məşqçinin oyun fəlsəfəsini bəyənirəm. Nəticələr olduqca pozitivdir. Blanla qarşılaşanda özümü hərtərəfli futbolçu hiss etmişdim. Gənc olanda inkişaf fazasındasan. Paris klubuna keçəndə 31 yaşım vardı. Onun məndən tələb etdiklərini hamı bilir. Həm Blanın, həm də özümün işini asanlaşdırdım. İkimiz də eyni hədəf - qələbə üçün çalışırdıq.
- Bəs Qvardiola necə?
- Məşqçi kimi möhtəşəmdir. İnsan kimi nəzər salanda əks fikir yaranır.
- "Barcelona"dakı karyeranız uğursuz hesab oluna bilər?
- Orda yaxşı günlərim keçib. Müsbət və mənfi planda çox şey öyrəndim. Bu, məni gücləndirdi. Futbolun 24 saat ərzində dəyişməsinin mümkünlüyünü dərk etdim.
- "Qatar Airways"in rolu da böyükdür.
- Bu şirkət PSJ-nin ən böyük investorudur. Bir ölkə kimi Qətər haqqında məlumatım azdır. Ora cəmi 3-4 dəfə getmişəm. Ölkədə inkişaf hiss olunur. Onların əsas məqsədi 2022 mundialının təşkilidir. Bu şirkət olmasaydı, Fransa İbranın oyununu izləməyə bilməzdi. Onlara təşəkkür etməlisiz. Şirkətin rəhbərlərinə təşəkkür edirəm ki, Parisin gözəlliyi ilə tanış olmaq şansını mənə verdilər.
- Bu mövsüm Fransa çempionatında ikinci olan "Lyon"un prezidenti Jan Mişel Olas hesab edir ki, qətərli iş adamları Liqa 1-də intriqanı öldürüb...
- Kim? Onun yerində olsaydım, başqalarının nə etdiyinə yox, öz komandama diqqət yetirırdim. Mən Liqa 1-ə gələndən bəri Fransada bütün titulları qazanmışam, onun komandası isə heç birini. Ən yaxşı oyunçular titul qazandırar. Olas biraz sərmayə qoyub yaxşı futbolçular transfer etməli, həmçinin düzgün sponsor tapmalıdır.
- 2022-ci il dünya çempionatında iştirak edəcəyinizə inanırsız?
- Həmin turnirdə oynamaq istəyirəm. Stadionlarda ab-havanın inanılmaz olacağına inanıram. Mən futbolu sevirəm, ona görə sözügedən mundialda oynamaq istərdim.
- 2022-ci ildə sizin 40 yaşınız olacaq.
- İldən-ilə özümü daha gənc hiss edirəm. Ona görə Qətərdəki turnirə kimi yenə cavanlaşacam.
- İyunun 10-u Avropa çempionatı start götürür.
- İsveç çempionata qalib gəlmək üçün yollanacaq. Turnirin Fransada keçirilməsi, xüsusilə məni sevindirir. İki azarkeş qrupumuz olacaq: isveçli və fransızlar. İsveç mənim vətənimdir.
- Üç il öncə satışa çıxardığınız avtobioqrafik kitabda tipik isveçli olmadığınızı demişdiz.
- Mən fərqliyəm, tipik isveçli deyiləm. Belələrini tapa bilməzsiniz. Çünki ancaq bir Zlatan var.
- AVRO-2016 milli komandada sonuncu böyük turniriniz ola bilər?
- Dəqiq deyə bilmərəm. Bu brədə düşünməmişəm. Nə baş verəcək, onu sonra görərik.
- Rio Olimpiadasında iştirak etmək istərdiniz?
- Pis olmazdı, mənə maraqlı gəlir. Hazırda düşünməli olduğum bir çox məsələ var. Zlatan keçmiş yuqoslav dilində "qızıl" deməkdir. Bu, mənim brendimdir. Geyimlərimdə qızılı rəngin olmasına üstünlük verirəm. Amma qızıla sahib olmaq mənim məqsədim deyil. Düşünürəm ki, insanlar qızıl olmalıdır, əşyalar yox.
- "Qızıl top"u qazanmadığınız üstün təəssüflənirsiz?
- Xeyr. "Qızıl top" və Çempionlar Liqası barədə çox danışılır. Bunların hər ikisinə sahib çıxmaq səni futbolçu kimi dəyişdirməz. Mənim fəlsəfəm budur ki, həmin mükafat səni daha yaxşı etmir. Çempionlar Liqasının qalibi olsam, dəyişiklik olmayacaq. "Qızıl top" da, həmçinin. O, sadəcə otaqdakı bəzəkdir. Onu həmişə ən yaxşı futbolçu qazanmır. Həyat davam edir. Bu, qalibiyyət barədə fikirlərimi dəyişmir. Mən özümü qalib hesab edirəm. Hara getmişəmsə, titul qazanmışam. Məğlubiyyəti sevmirəm. Eyni zamanda buna nəticə çıxarmaq üsulu kimi yanaşıram.
- "Stadion" sözü deyəndə fikrinizə ilk olaraq nə gəlir?
- Döyüş meydanı, arena, Kolizey. Meydan izdihamın dəstəyi altında işimi görüdüyüm, uğurlar qazandığım, məxsus olduğum yerdir.
- Stadion sizin üçün teatrdır, yoxsa cəmiyyətin ifadəsi?
- Teatr? Mən tamaşa oynamıram, döyüşürəm. Stadion zəfər qazandığım döyüş meydanıdır.
- "Pis oğlan" rolunu oynamaqda davam edəcəksiniz?
- Bu imici sevirəm, inkar etmirəm. Belə düşünürsüzsə, qoy olsun. Bunda problem görmürəm. Olduğum kimi görünməyə çalışıram. Özünü olmadığı kimi təqdim edən futbolçular çoxdur. Bunu deməklə kiminsə xətrinə dəymək istəmirəm. Onlar bu mövzuda fərqli düşünür.
- Saç düzümü də xarakterinizin tərkib hissəsidir?
- Əfsanəvi Samson obrazı haqqında bilirsiz? O, gücünü uzun saçlarından alırdı. Mən də beləyəm. Saçım uzandıqca qüvvəm artır.
- Bədəndəki döymələriniz də eyni məqsədə xidmət edir?
- Onların hər biri həyatımın bir mərhələsinə aiddir. Hər döymənin öz tarixçəsi var.
- "Məni yalnız Tanrı mühakimə edə bilər" döyməsinin tarixçəsi nədir?
- Onun mənasını başa düşün. Mən izah edə bilmərəm. Yalnız Tanrının mühakimə etdiyini bilmirsənsə, kim bunu edə bilər?
- Futbolda necə iz qoymaq istəyirsiz?
- Karyeramı başa vuracağım gün ən yüksəkdə olmaq istəyirəm. Misli olmayan nəsə etmək istəyirəm. İnsanlar suallarına cavab alacaq və bunu unutmayacaq.
- Özünüzü dəb etalonu hesab edirsiniz? Etalon olmaq üçün nə etmək lazımdır?
- Özümü müxtəlif sahələrdə etalon hesab edirəm. İdman və futbolda... Şəxsi geyim brendim, ətirlərim var. Bir şəxsin etalon olması təbii prosesdir. Bu, avtomatik baş verir, seçimlə olmur. Hesab edirəm ki, xüsusilə vətənimdə insanların kumiriyəm. İsveç mənim üçün çox vacibdir. Hara gedirəmsə, bu ölkəni təmsil edirəm.
- Stokholm və Parisdə şəklinizi binalara çəkirlər...
- Eyfel qülləsinin əvəzinə heykəlimin qoyulmasını gözləyirəm. Hələ dəyişiklik etməyiblər.
- Nümunə götürdüyünüz insanlar var?
- Məhəmməd Əlini sevirəm. Onun davranışı, hərəkətlərinə heç kim qarşılıq verə bilmirdi. Fərqli və özünəməxsus insanları bəyənirəm.
- İsveçin rəmzlərindən biri "Nobel" mükafatıdır...
- Bu, qazanmadığım yeganə mükafatdır. Amma bunun üçün hələ vaxtım var.
- Başqa kimə "Nobel" verərdiniz?
- Düşünürəm ki, "Nobel"i təkcə müəyyən sahədə deyil, ümumi mənada seçilən şəxslərə vermək lazımdır. Dahi insan yenilik gətirəndir. Həmin mükafatın bu tipli insana verilməsini istərdim.
- "Nobel Sülh mükafatı" almaq Yozef Blatterin arzusu idi?
- Həqiqətən? Bu baş vermədiyi üçün bəxtimiz gətirib.
- Arzularınız var?
- Arzulamaq yaxşıdır. Bundan daha yaxşı realist olmaqdır. Çünki arzu səni məhv edə bilər.
- Növbəti dayanacaqınız hara olacaq?
- Əşyalarımı yığmışam. Səyahəti çox sevirəm. Ailəmin dünyanı səyahət edib fərqli şeylər öyrənməyini istərdim. Ən çox Parisi bəyənirəm. Buranı başqa şəhərlərlə müqayisə etmək olmaz.
- Çin yeni futbol mərkəzi ola bilər? Ordan təklif almamısız?
- Məncə, Çin futbolun gələcəyini təmsil edir. Xeyr, təklif gəlməyib. Hər şey ola bilər.
- Zlatan kimdir?
- Zlatan elə Zlatandır. Bu təqdimat kifayət edir. Özümü normal, adi və sakit biri hesab edirəm.