İsti hava ilə bağlı fermerlərə xəbərdarlıq

isti-hava-ile-bagli-fermerlere-xeberdarliq
Oxunma sayı: 1342

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) havaların isti keçməsi ilə əlaqədar heyvandarlıq təsərrüfatlarında görülməsi vacib olan tədbirlərlə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, anomal isti hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir.

Dövlət Baytarlıq Xidməti fermerlərə tövsiyə edib ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun saxlamaq, iri və xırdabuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən qorumaq məqsədilə baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə, yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.

Xidmət həmçinin rayon (şəhər) baytarlıq idarələrinə əhaliyə məxsus heyvanlar və quşlar arasında profilaktik peyvəndləmələrin, baytarlıq tədbirlərinin epizootik plana müvafiq vaxtlı-vaxtında, təlimata uyğun yerinə yetirilməsini tapşırıb.