“Qafqazinfo” xəbər verir ki, AİM respublikamızda bu mövzuya aid bütöv sənəd və şəkillər arxivinə malik olan yeganə muzeydi. Arxivin qeyri-adiliyi ondan ibarətdir ki, hissələrlə yığılıb. Çünki bu hərəkatın mühacirlik etməyə məcbur olan iştirakçıları özləri ilə ən dəyərli və vacib olanları götürüblər. Uzun illər ərzində həmin hadisələrin nadir şəkilləri, sənədləri, kitabları saxlanmaq üçün muzeyə verilib. Muzeydə bu mövzuya həsr olunmuş və daim yeni eksponatlarla yeniləşən ekspozisiya yaradılıb.
Bununla belə, muzey işçilərinin professional bayramı – Beynəlxalq Muzeylər Günü ərəfəsində muzeyə daimi saxlanmağa verilən materialları qiymətsiz adlandırmaq olar. Bunlar İranda baş vermiş milli-azadlıq hərəkatının əsas xadimlərindən biri olan general Cəfər Kavianın şəxsi əşyaları, sənədləri, fotoşəkilləridi.
Cəfər Kavian 1895-ci ildə Təbriz yaxınlığındakı Salaxan kəndində anadan olub. Ruhani təhsili alıb. Səttarxanın başçılığı ilə 1906-1907-ci illərdə “Məşrutə” hərəkatının fəal üzvü olub. Beləcə əfsanəvi generalın əzablı həyat yolu başlayıb.
Cəfər Kavian “21 Azər” hərəkatının fəal üzvü, Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Yığma Qoşun başçısı, Milli Məclisin üzvü olub, milli özünümüdafiə naziri, sonradan isə müdafiə naziri təyin edilib. Cəfər Kavian tarixi xidmətlərinə görə I dərəcəli Səttarxan ordeni və “21 Azər” medalı ilə təltif olunub.
Onun arxivini, mükafatlarını, hərbi formasını və digər şəxsi əşyalarını uzun illər ərzində generalın oğlu Marks (Maksud) Kavian qoruyub. O, 2014-cü il mayın 16-da bu əşyaları daimi saxlamaq üçün Azərbaycan İstiqlal Muzeyinə verib. Yaxın vaxtlarda Cənubi Azərbaycana həsr olunmuş zalın yenidən qurulması planlaşdırılır və bu eksponatlar muzeyin ekspozisiyasında nümayiş olunacaq.
Son xəbərlər
Son Xəbərlər