Azər Qismət
Bir ölkəni sivil ölkələrin gözündən salmaq üçün əsasən iki həssas məsələyə fikir verilir. Birincisi, o ölkədə jurnalistin öldürülməsidir. İkincisi, heyvanların döyülməsi və gəbərdilməsidir. Bilirəm, bu yerdə deyiləcək ki, sivil ölkələr getsinlər Afrikada aclıq çəkən və balasına su tapmayan insanların halına yansınlar, investisiya qoyub torpaqlarını münbitləşdirsinlər, əkib-becərsinlər, istehsal etdikləri silahlarını satıb tayfaları, iqtidarla-müxalifəti bir-birinə qırdırmasınlar. Ya da deyiləcək ki, sivil ölkə Suriyada ölən uşaqların halına yansın, heç olmasa arxitekturalı binalarına gətirib bir tikə çörək versinlər. İndi nə edək ki, onlar üçün heyvanlara qayğı daha həssas məsələdir.
Budur, daha bir it döyənimiz ortaya çıxdı. Zaqatala rayon sakini, mühafizəçi kişi dedi ki, küçük onun qoyunlarını narahat edirmiş. O da xəbərdarlıq edib, heç kim tədbir görməyib, nəhayət heyvana daş tullayıb. Ancaq kadrlara baxanda görürük ki, küçüyün ağzı qanayıb, özü də ayaq üstə güclə dayanır. İmanımı yandıra bilmərəm, lakin bu bir daşın dəyməsinə bənzəmir. Bunu ona görə demirəm ki, mühafizəçini işdən çıxarsınlar. Onsuz da ordan çıxıb başqa yerdə işə düzələcək. İndi obyektlərin sayı artdığından mühafizəçiyə hər yerdə iş var. İtdöyən kişini işə tez götürəcəklər. Əgər iti qəşəng döyürsə, obyektə təhlükə yaradanı göydə aymalayar.
İşdən çıxarsalar da, ya bir töhmət alsa da, hər halda özündən sonra qara ləkə qoydu. İndi bu kadrlar da düşəcək “Vəhşi Azərbaycan” deyənlərin kataloquna. Ay qardaş, bircə küçük qoyunlarını narahat edirdisə, götürərdin qucağına aparıb verəydin qonşuna. Ya da hardasa uzaqlarda azdıraydın. Daha ayağın boyda heyvan sənə hansı təhlükə yaradıb ki, vurub xosunvay etmisən. Heç olmasa, çörəkdən-zaddan verib özünə doğmalaşdırsaydın, qoyunlarını hürkütməzdi. Əksinə, balaca boyu ilə qoyunlarının yanında irəliləyib qurda-çaqqala hürərdi. Ən azından o çörəyə görə quyruğunu bulayıb sənə qahmar çıxardı. Nə olsun boyu balacadır. Balacaların ürəyi böyük olur.
Seçkilərdən əvvəl krimatoriyada yandırılan itlərin dünya mətbuatına çıxmasından sonra adımız Afrika cəngəlliyindəki adamyeyənlər tayfası ilə bir çəkildi. Xaricilər peşman oldular ki, bizi nahaq Avropa Şurasına qəbul ediblər. Hətta bizimlə bir qitədə nəfəs almağa peşmanlıq çəkdilər. Xaricdə tədbirlər keçirib ölkəni təbliğ edəndə deyənlər tapıldı ki, “hələ siz heyvana qarşı sevgini öyrənin, onlarla necə rəftar etməyi bacarın, sonra gəlib təbliğat apararsız”. Düzdür, belə deyənlər özləri də bir yanan barmağa tənzif bağlayan deyillər, bunları yaxşı bilirik. Yəni, bunlar o insanlardır ki, küçüyün döyülməsinə göz yaşları axıdarlar, nəinki Xocalıda ölən uşağa.
Amma axı niyə əllərinə səbəb veririk. Bax, söhbət məhz bundan gedir. İnanın ki, o mühafizəçini hardasa müdafiə edənlər də tapılacaq. Kafe-çayxanalarda dəstək verəcəklər ki, “iti döyərlər də, öldürərlər də”. Belələri “Molla Nəsirəddin” jurnalının karikaturalarında da olub, bu gün də var. İstənilən halda istər xarici demir, ya kimsə desin, axı yazıq küçüyü döymək hansı insanlığa yaraşar.
İndi dünya başqadır. İt boğuşdurmaq adətimiz də qız qaçırmaq adətimiz qədər sıradan çıxır. Çünki biz tək deyilik. Dünyanın içində yaşayırıqsa, itə çörək atmalıyıq, qızı sivil yolla ərə verməliyik. Necə deyərlər, it demə, ol dəxi bizim birimiz.
Son xəbərlər
Son Xəbərlər