İtaliya Sloveniya ilə sərhəddə nəzarətin müddətini uzatdı

italiya-sloveniya-ile-serhedde-nezaretin-muddetini-uzatdi
Oxunma sayı: 1187

İtaliya hökuməti Avropa İttifaqının (Aİ) üzvü və Şengen ölkəsi Sloveniya ilə quru sərhəd qapılarında sərhəd nəzarətini daha 5 ay uzatdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İtaliya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada Sloveniya sərhədində sərhəd nəzarətinin yanvarın 19-dan etibarən 5 ay daha qüvvədə olacağı bildirilib.

İtaliya hökumətinin bu qərarının bu gün daxili işlər naziri Matteo Piantedosi tərəfindən Aİ səlahiyyətlilərinə çatdırıldığı qeyd olunub.

Bildirilir ki, İtaliyaya gələn qeyri-qanuni immiqrantlar arasında terrorçuların sızma riskinin davam etməsi və Balkan marşrutundan ən böyük axının Sloveniya ilə quru sərhədindən olması səbəbindən sərhəd nəzarətinin müddətinin uzadılması qərarı verilib.

İtaliya Avropa və Yaxın Şərqdə baş verən hadisələrə görə 2023-cü ilin oktyabrında Sloveniya ilə quru sərhəd qapılarına nəzarəti yenidən tətbiq etmək qərarına gəlib.

21 oktyabr 2023-cü il tarixində İtaliyanın Sloveniya ilə başlatdığı sərhəd nəzarəti təcrübəsindən sonra Sloveniya eyni gün Xorvatiya və Macarıstanla sərhəd nəzarətinə başlamışdı.

Sloveniya ötən ilin dekabrında bu iki ölkəyə qarşı sərhəd nəzarətini 2024-cü ilin iyun ayına qədər uzatdığını açıqlamışdı.