İtə dədəsindən çox güvənənlər

ite-dedesinden-cox-guvenenler
Oxunma sayı: 1531


Biz onunla 214 saylı avtobusda qarşılaşdıq. Keçib yanımdakı boş yerdə əyləşəndən sonra ədəb-ərkanla salam verdi. Salamını alıb, əlimdəki kitabı vərəqləməyə başladım...

Təxminən 6-7 dəqiqə yol gedəndən sonra mənə tərəf çevrildi: “Müəllim, xahiş edirəm, bir dəfə də bizim dərdimizi qələmə alın”.

Gözlərimi kitabdan ayırmadan cavab verdim: “Axı, mən sizi tanımıram”.

Qurcalanıb yerini rahatlayandan sonra özünü təqdim etdi: “Adım Ədildir. Bu qəsəbədə hamı mənə qaragünlü Ədil deyir. Bu gün-sabah əlli beş yaşım tamam olacaq. Amma üst-üstə əlli beş dəfə üzüm gülməyib”.

Etika xatirinə əlimdəki kitabı qatlayıb, çantaya qoydum. Yaşına və çoxdan ağarmış saçlarına hörmət əlaməti olaraq, ona tərəf çevrildim: “Ağsaqqal, olmasın azar. Səhhətinizdə problem var?”

Başını bulayıb, belə dedi: “Mən dəmir kimi adamam. Amma bu oğlanın dərdi məni öldürəcək”.

Belə müsahiblərim çox olub. Əvvəl özləri danışmaq istəyiblər, amma söhbətə başlayandan sonra sözü kəlbətinlə çəkməli olmuşam. Odur ki, növbəti dəfə sual vermək məcburiyyətində qaldım: “Hansı oğlandan söhbət gedir? Kimdən narazısınız?”

Bu dəfə daha həvəslə danışmağa başladı: “Gözümün ağı-qarası bircə oğlum var. Yaxşı sənətkardır, usta işləyir. Amma qazancının hamısını qumarda uduzur”.

Yenə tərs damarım tutdu: “Görünür, düzgün tərbiyə verməmisiniz. Vaxtında o kartları əlindən alıb qulağını çəksəydiniz, bu yoldan çəkilərdi”.

Kişi əl-ayağa düşdü: “Yox, yox, tərbiyəli uşaqdır. Onun kartla-zadla işi olmaz. Pulunu Topazda uduzur”.

Əvvəldən qumarla aram olmayıb. Hətta qadınların belə həvəslə oynadığı “duraki” haqda da anlayışım yoxdur. Odur ki, çiynimi çəkib dayandım. Amma həmsöhbətim yaxamı buraxmaq niyyətində deyildi: “Bilirsiniz, bu yaxınlarda başımıza nə iş gəlib?”

Yenə çiynimi çəkdim. Sağ olsun, məni intizarda qoymadı: “Mən daşdan pul çıxaran adamam. Əlimdən hər iş gəlir. Payızda Qubadan alma gətirib, Bakıda satıram. İki ay əvvəl oğluma dedim ki, mənə bir az pul ver, işi böyüdüm. Dedi ki, yoxumdur. Bu yaxınlarda öyrənmişəm ki, Topazda 10 min manat uduzub”.

Mütəxəssislər Topazı “mədəni qumar” adlandırırlar. Qumarda isə hamının əli gətirmir. Bunu ağsaqqala deyəndə, yerindən dik atıldı: “Demirəm ki, pul qazanıb, məni bəxtəvər eləsin. Məni yandıran odur ki, oğlum həmin pulu it yarışında uduzub”.

Özümü az-çox dünyagörmüş adam hesab etsəm də, bu haqda birinci dəfəydi eşidirdim. Təəccüblə onun üzünə baxdım: “Necə yəni it yarışında uduzub?”

Kişinin dərdi təzələndi: “İngiltərədə it yarışı keçirilir. Bizim oğlan da dördüncü itin qələbəsinə pul qoyub. İt hardan bilsin ki, Ədilin oğlu həmin pulu qəpik-qəpik qazanıb? Beləcə, bir gündə 10 min manat əldən getdi”.

Topazda evini, maşınını uduzanlar barədə az-çox məlumatım var. Amma hansısa azərbaycanlının it yarışında 10 min manat uduzduğunu birinci dəfəydi eşidirdim. Buna görə də yanımda əyləşmiş ağsaqqala təsəlli verməyə söz tapa bilmirdim...

Avtobusumuz metronun “Koroğlu” stansiyasına çatanda, sağollaşıb ayağa qalxdım. Iki-üç addım atmamış arxadan Ədil kişinin səsi gəldi: “Müəllim, məni yandıran odur ki, oğlum hansısa ingilisin dilsiz-ağızsız itinə doğma atasından çox güvənir. Buna dözə bilmirəm...”