Əslində, Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində hoqqaların çıxacağı aydın idi. Çünki biz bu təcrübəni “Avroviziya” yarışlarından öncə də görmüşdük. O vaxtlar da bəzi təşkilatlar bəyanat verdilər ki, “ay aman Bakıya gəlməyin, burada adamların hüquqlarını pozurlar, həbsxanalarda insan əlindən yer yoxdur”. Hətta, xariciləri bulvar gəzintisindən ayırıb Əhmədli və Günəşlidəki yolların çat-çat olmasını göstərənlər də oldu: “Bax buranı çəkin, görün bu ölkə nə gündədir”. Bir hegemon dövlətin Avropanı təsir dairəsində saxlamaq üçün yaratdığı insan haqları təşkilatları da bəyanat verdilər ki, “həqiqətən də Azərbaycan təhlükəli ölkədir, ora getməyin”. Ancaq bütün bunlara baxmayaraq “Avroviziya” mahnı yarışması keçirildi.
İndi isə Bakıda Avropa Oyunlarına hazırlıq gedir. İnfrastruktur layihələrindən tutmuş təhlükəsizliyə qədər hər yerdə işlər davam edir. Doğrusu, Azərbaycanın adının hallanacağını, baykot çağırışlarını bir il bundan əvvəldən başlanacağını gözləyirdim. Ancaq yanılmışdım. Xatırlayırsınızsa, “Avroviziya” yarımasına 3 ay qalmış baykot çağırışları eşidildi. Elə indi də həmin ssenari üzrə hərəkət edilir. 3 ay qalmış Avropa Oyunlarının gözdən salınmasına start verildi.
Birinci gözdənsalınma xəbəri sosial şəbəkələrdə ildırım sürəti ilə yayıldı. Məlum olanda ki, Azərbaycan tərəfi bütün idmançıların xərclərini ödəyəcək, narazılıq yarandı. Bütün Azərbaycanda pıçıltı gəzdi ki, “axı niyə biz onların pulunu verməliyik?”. Özü də bu məlumat o zaman yayıldı ki, dolların bahalaşması ilə əlaqədar ərzaq məhsullarının qiyməti qalxmışdı. Məhz həmin günlərdə qiymətləri qaldıran bəzi Vətənsiz sahibkarların ucbatından aşağı məvaciblə dolananlarda narazılıq vardı. Elə bu vaxt “Olimpiadaya gələnlərin xərcinin Azərbaycan dövləti tərəfindən ödəniləcək” informasiyası yayıldı. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 5 il külüng döyən tələbə kimi mən bu andan belə incə şəkildə yararlana bilməzdim. Açıq-aşkar boynuma alıram ki, bu məsələ çox incə işlənmişdi. “Narazılığın üstünə narazılıq” planı müvəqqəti də olsa alındı. Avropa Oyunları Təşkilat Komitəsinin Bakıya gələn nümayəndələri bildirəndə ki, idmançıların xərcini ödəmək əslində yarışın qaydalarına daxildir, nisbətən pıçıltılar səngidi.
İş hələ bu jurnalla bitmirdi. Qarşıdan kino gəlirdi. İdmançıların və qonaqların gəlişini əngəlləmək üçün ikinci məsələ ortaya çıxdı. Sosial şəbəkələrdə başlanan cəfəng məlumat xalq arasına tez yayıldı. Məlumat bundan ibarət idi ki, oyunların açılışına start veriləcək Bakı Olimpiya Stadionu indidən çökür. Bu çox təhlükəli və hədəfə vurulası məlumat idi. Hansı avropalı istəyər ki, uçma təklükəsi ilə tikilən stadionun altındakı oturacaqda oturub oyunları izləsin? Əlbəttə ki, bunu heç kim istəməz. Yeri gəlmişkən, hərdən adama elə gəlir ki, bəzi telekanlların əməkdaşları sosial şəbəkələrdə gedən belə söz-söhbətləri görmürlər. Mən gözlədim ki, ertəsi gün stadionun təhlükəsiz qaydada tikilməsinə dair reportajlar veriləcək. Amma verilmədi. Bu istiqamətdə də operativlik nümayiş etdirilmədi.
İş hələ bununla bitməmişdi. Qarşıdan serial gəlirdi. Belə ki, Avropa Oyunlarını gözdən salmaq üçün itlərin yandırılmasını göstərdilər. Məlumdur ki, hələ sovet illərində Azərbaycanda sahibsiz itləri yandırmaq ənənəsi var idi. Müstəqil olandan sonra isə bunu keyidici iynə üsulu ilə həyata keçirdilər. Bu da müvəqqəti oldu. Məhz indi itlərin yandırılmasını göstərib “Avropa Oyunları ərəfəsində itlərin yandırılması” başlığının verilməsi onu göstərdi ki, bu oyunların keçirilməməsi üçün hər cür addıma gedilə bilər. “Avroviziya” ərəfəsində isə Bayılda sökülən evlərin sakinlərinin şikayətlərini də belə işıqlandırmışdılar. Eyni ssenaridir. İndi bir dilənçi digər dilənçini vurub öldürsə əminəm ki, həmin yazının adı belə qoyulacaq: “Avropa Oyunlarına etiraz əlaməti olaraq dilənçi dilənçini öldürdü”. Ortaya sual çıxır: Əgər bu ölkədə itləri yandırırlarsa, bəs hansı səbəbdən Qaradağ rayonunda bu heyvanların saxlanması üçün neçə minlik sığınacaq yeri tikilir? Başqa komediya düşünmək olmazdımı? Olardı. Amma itlərin yandırıllmasına kövrək avropalıların dözməyəcəyini bilənlər, bunu sərhəddən kənarda çoxdan fikirləşiblər.
Səməd Vurğunun əsərində şah Qacar şair Vaqifə kinayə ilə belə deyir: “Ayağı çarıqlı kiçik bir ölkə, böyük Firdovsilər yaratdı bəlkə”. Biz dünənə qədər ayağı çarıqlı ölkə olmuşuq. Amma get-gedə o çarıqdan çıxırıq. Biz bəzi jurnalistlər hər gün məmur özbaşınalığından yazırıq. Hər gün məmur-vətəndaş münasibətlərində problemlərin olmasını qeyd edir, həll olunmayan məsələləri qabardırıq. Deyirik ki, metroda vaqonları dəyişmək lazımdır, vətəndaşlar havasızlıqdan nəfəs ala bilmir, bu gün salınan yollar az müddətdən sonra yararsız hala düşür, bəzi İcra Hakimiyyətləri öz ərazilərinə nəzarət etmirlər. Amma bütün bunları öz içimizdə edirik. Daha nə xaricdən sığınacaq almaq barədə düşünürük, nə də belə əhəmiyyətli tədbirin keçirilməsinə əngəl yaradırıq. Çünki bu bizim ölkədir. Heç bir vicdanlı adam razı olmaz ki, onun ölkəsi xaricdən idarə edilsin, maraqlara cavab verməyəndə bir cür, cavab verəndə başqa cür bəyanatlar verilsin. Heç bir vicdanlı adam razı olmaz ki, beynəlxalq kluarlarda onun Qarabağ dərdini müzakirə etmək əvəzinə, qaz layihələrindən xeyir götürmək barədə gizli planlar cızılsın.
Bəli, bu bizim ölkədir. Yaxşısı da, pisi də bizimdir. Avropa Oyunlarına gəlincə, o vaxtında keçiriləcək. Həm də bizi üçüncü sort hesab edən bəzi əcnəbilərə göstərəcəyik ki, “biz həmin ayağı çarıqlı ölkə deyilik”. Yeri gəlsə bizdən öyrəniləsi çox şey var. Problemlərimizə gəlincə, bu bizi də narahat edir. Amma get-gedə öhdəsindən gələcəyik.