İTS ilə 800 000-ə yaxın MRT və KT müayinəsi aparılıb

its-ile-800-000-e-yaxin-mrt-ve-kt-muayinesi-aparilib
Oxunma sayı: 892

İxtisaslı həkim tərəfindən təyin olunan kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri icbari tibbi sığortanın təminatına daxildir. Baş-beyin, onurğa sütunu, döş qəfəsi, qarın boşluğu və çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumaların KT və MRT müayinələri vətəndaşlara ödənişsiz şəkildə göstərilir. 2021-2023-cü illərdə icbari tibbi sığorta çərçivəsində aparılmış MRT müayinələrinin sayı 348 955, KT müayinələrinin sayı isə 442 165 olub.

KT və MRT kimi müasir vizualizasiya metodları insan bədəninin daxili orqan və toxumalarının vəziyyətini qiymətləndirməyə, müxtəlif patologiyaları aşkar etməyə imkan verir. Hər iki müayinə metodu xəstənin şikayətləri nəzərə alınaraq ixtisaslı həkim müayinəsi əsasında təyin olunur. 

KT - daha çox sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. KT vasitəsilə daxili orqanların, eləcə də sümüklərin zədələnməsini, daxili qanaxmaları aşkarlamaq mümkündür. Kəllə, döş və qarın boşluğunun kontrastlı KT müayinəsi ağciyər emboliyası, qan damarlarının tutulmalarını müəyyən etməyə imkan verir. MRT ilə müqayisədə KT müayinəsi daha az müddət çəkdiyi üçün təcili diaqnostikada istifadə edilir.

KT üçün rentgen şüalarından istifadə edildiyindən bu müayinə metodu hamilə qadınlara, südverən analara və azyaşlı uşaqlara tövsiyə olunmur.
MRT- ionlaşdırıcı şüalanmadan istifadə etməyən təhlükəsiz diaqnostika üsuludur. MRT əsasən baş və onurğa beynin, yumşaq toxumaların dəyərləndirilməsi üçün ən effektiv müayinə üsuludur. MRT müayinəsi sinir sistemi xəstəliklərinin diaqnostikasında, o cümlədən fəqərəarası disk yırtığı və onurğa kanalının daralmasının daha aydın görüntülənməsində tətbiq edilir. MRT müayinəsi həmçinin onkoloji xəstəliklərin diaqnostikasında geniş istifadə olunur. KT ilə müqayisədə MRT müayinəsi zamanı orqanizm zərərli şüalanmaya məruz qalmır və bu müayinə növü prostat, uşaqlıq boynu, qaraciyər xərçənginin, habelə sümük və beyin metastazlarının daha dəqiq görüntülənməsinə  imkan verir.

Bədənində müxtəlif implantlar, metal fraqmentləri, elektrokardiostimulyator, uşaqlıq daxili spiral, metal protez və ya insulin pompası olan insanlar MRT müayinəsindən əvvəl bu barədə mütləq radioloqa məlumat verməlidir. Həmçinin klaustrofobiyası olan (qapalı yerlərdən qorxan) pasiyentlər üçün MRT müayinəsi məqsədəuyğun deyil.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Qeyd olunan müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.