İxtisaslaşmış forumlar - Yeni tendensiya diasporun gələcəyi üçün nə vəd edir?

ixtisaslasmis-forumlar
Oxunma sayı: 832

Son illər ortaya yeni bir tendensiya qoyulub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xarici ölkələrdə yaşayan azərbaycanlıların ixtisaslaşmış forumları keçirilir.

Xaricdə və Azərbaycanda baş tutan həmin mühüm tədbirlər əks səda doğurub, cəmiyyətdə böyük marağa, müzakirələrə səbəb olub, böyük rəğbətlə qarşılanıb. Bu günə kimi xaricdə yaşayan azərbaycanlı alimlərin, həkimlərin, mühəndislərin, tələbələrin forumları təşkil olunub.

Almaniya Azərbaycanlıları Alyansının, Almaniyada Azərbaycanlı Həkimlər Forumunun təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumunun təşkil olunması da deyilənlərə ən yaxşı nümunələrdən biridir. Foruma Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər və ölkəmizin dövlət qurumlarını təmsil edən nümayəndələr qatılıb.

Eyni sahəni təmsil edən, ortaq müzakirə mövzuları olan insanların bir araya gətirilməsi, Avropa və Azərbaycan üçün güclərini necə birləşdirə bilmələrinin müzakirə olunması yeni tendensiya, müasir diaspor hərəkatına yeni baxış, ağıllı və olduqca incə düşünülən bir addımdır.

Forum artıq 3-cü dəfə keçirilir, həm də çox böyük tərkiblə baş tutur. Peşəkar bilik və təcrübələrin bölüşdürülməsi, azərbaycanlı həkimlərin Avropa tibb elmi ilə Azərbaycan arasında necə körpü yarada bilməsi istiqamətində fikir mübadiləsinin aparılması forumun çəkisini daha da artırır, elmi mahiyyətini dərinləşdirir.

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumunda iştiraki edən DİDK sədri Fuad Muradov Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Forumlarının əhəmiyyətinin ilk növbədə birlik olduğunu qeyd edib.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev bu günə qədər baş tutan forumların nəticəsində Almaniyadakı azərbaycanlı həkimlər arasında praktik elmi mübadilənin ən üst səviyyəyə qalxdığını, forumda həm də elm adamlarının iştirakının olduqca müsbət hal olduğunu bildirib.

Forumun panel iclaslarında Almaniyada yaşayan azərbaycanlı həkimlər bilik və təcrübələrini daha da artırmaq istiqamətində təkliflər verib, Azərbaycan tibb elminə və praktik sahəyə verə biləcəkləri töhfələri dərindən müzakirə ediblər.

Azərbaycan dövlətinin bu cür möhtəşəm tədbirlərə dəstək olması azərbaycanlı həkimlərin rəğbəti ilə qarşılanır. Almaniyada fəaliyyət göstərən həkim Lətif Zeyniyev qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin bu foruma dəstək göstərməsini yüksək qiymətləndiririk. Biz bu dəstəyi hər zaman və bütün sahələrdə hiss edirik. Məncə komitənin dəstəyi belə mühüm tədbirlərin nizamlı keçirilməsində ciddi rol oynayır.

Diqqəti çəkən daha bir məqam Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Forumlarının sistemliliyidir. Forumun 3 dəfə keçirilməsi, üstəlik keyfiyyət göstəricilərinin daha da artması olduqca mühüm faktdır. Burada gələcəkdə forumun bütün dünyada yaşayan azərbaycanlı həkimləri əhatə edəcəyinin proqnozunun verilməsi də təsadüfi deyil.

Almaniyanın tibb sahəsində ilk azərbaycanlı professoru Ramazan Cabbarlı Almaniyada çalışan azərbaycanlı həkimlərlə Azərbaycanda işləyən həkimlər arasında müxtəlif formatlı beynəlxalq layihələrin həyata keçirilməsinə Azərbaycan dövlətinin dəstək göstərməsini yüksək qiymətləndirib.

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumunun iştirakçıları məhz bu cür tədbirlərin sayəsində yaranan əlaqələrin gələcək elmi əməkdaşlıqların təməlini qoyduğunu vurğulayıblar.

Başqa bir vacib məqam forumun medianın diqqətində olmasıdır. Azərbaycan mətbuatı ilə yanaşı Almaniya mətbuatının da tədbiri geniş işıqlandırması olduqca əhəmiyyətli hadisədir. Almaniyada Azərbaycanlı Həkimlər Forumu İdarə Heyətinin sədri Elvin Hüseynov bildirib ki, forumun Almaniyanın 10 məşhur saytında, eləcə də 1.5 milyon insana çatan həftəlik qəzetdə işıqlandırılması bu tədbirə yerli medianın xüsusi diqqətinin olmasının göstəricisidir.

Uzunmüddətli strategiyaya əsaslanan bu tədbirlər, o cümlədən ixtisaslaşmış forumlar Avropadakı Azərbaycan diasporunun gələcəyi üçün ciddi nəticələr vəd edir. Həmin mühüm tədbirlər diasporu daha da gücləndirir, onların əlaqə, təcrübə və biliklərini Azərbaycan naminə də sərf etmələri üçün yeni mərhələ, yeni dövr formalaşdırır. Məhz bu addımların nəticəsində dərin elmi müzakirə platformaları yarana, düşüncə birliyi və ortaq hərəkət mexanizmləri formalaşa, şəbəkələşmə imkanları genişlənə bilər.

Bundan başqa, belə forumlar tibb sahəsində uğur qazanan və Avropanın tanınmış elmi mərkəzlərində, səhiyyə ocaqlarında, ali məktəblərində çalışan azərbaycanlı həkimlərin beynəlxalq miqyasda da tanınmasına şərait və əminlik yarada bilər.

Bir sözlə, Azərbaycan diasporu ixtisaslaşmış forumlarla diaspor hərəkatında çox vacib bir təcrübənin əsasını qoyub, Diasporla İş üzrə Dövlət Komitəsinin isə bu prosesi daha da genişləndirəcəyinə böyük əminlik var.