Apasport.az saytının məlumatına görə, “sportbox.ru” portalında 31 yaşlı yarımmüdafiəçinin Portuqaliya “Portu”sunu Qəbələ təmsilçisinə dəyişməsi ilə bağlı maraqlı yazı dərc olunub.
İzmaylovun 7 illik “Sportinq” karyerasından sonra “Portu”ya transferi rusiyalı həmkarlarımız üçün sürpriz olub: “Marat 2013-cü ilin yanvarında “əjdahalar”la 2 illik müqavilə bağladı. İlin ilk yarısında onun işləri pis getmirdi. İzmaylov “Portu”nun heyətində 16 oyun keçirdi və Portuqaliya çempionu oldu. Düşünmək olardı ki, hər şey yolundadır, amma... Ötən il sentyabrın 18-də “əjdahalar”ın heyətində cari mövsümdə ilk və sonuncu oyununu (Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Austriya”ya qarşı matç) keçirən Marat yox çıxdı. Bundan sonra onu klubda görən olmadı. “Portu” rəhbərliyi isə onun ailə vəziyyəti ilə əlaqədar icazəli olduğunu bəyan etdi”.
“O, bu həftə gözlənilmədən özünün “xaç atası” – Yuri Syominin yanında peyda oldu. “Portu” və “Qəbələ”nin rusiyalı yarımmüdafiəçinin yarım illik icarəsi üçün razılaşdıqları aydınlaşdı. Bu müddət başa çatdıqdan sonra da onun Syominin yanında qalmasına təəccüblənmərik” – deyə, yazıda qeyd olunur.
İzmaylovun gözlənilmədən qeybə çəkildiyini araşdırdıqda, başqa məqamlar da üzə çıxır. Məsələn, istər rusiyalı, istərsə də portuqaliyalı həmkarlarımız arasında onun mafiya ilə problem yaşadığı üçün “Portu”nun düşərgəsini tərk etdiyini iddia edənlər var.
Portuqaliyalı jurnalist Pedru Kunya Rusiya mətbuatına müsahibəsində Maratla bağlı bunları deyib: “Biz də heç nə anlamırıq! Bu, qeyri-adi vəziyyətdir. Əsrin tapmacasıdır! Sonuncu dəfə onu məşqdə ötən ilin sentyabrında görüblər. Ondan sonra Marat yoxa çıxdı. Aydınlaşdırmağa çalışdılar, heç bir nəticəsi olmadı. Şəxsən mənim “Portu”nun əksər oyunçuları ilə yaxşı münasibətlərim var, hansı ki, həmişə bildiklərini mənimlə bölüşməyə hazırdırlar. Lakin bu məsələdə onlarda susurlar. İki variant var: ya heç nə bilmirlər, ya da klub bu barədə danışmağa ciddi şəkildə qadağa qoyub. Əgər mafiya tərəfindən oğurlanması “ailə vəziyyəti ilə əlaqədar” hesab olunursa, onda, hər şey mümkündür. Zarafat bir yana, Maratın yoxa çıxması ilə bağlı məlumat əldə etmək mümkün deyil”.
Son xəbərlər
Son Xəbərlər