Jest dilini öyrənməyin ən rahat yolu - Jestdili.az saytı

jest-dilini-oyrenmeyin-en-rahat-yolu
Oxunma sayı: 4920

Azərbaycanda 30 minə yaxın nitq və eşitmə məhdudiyyətli şəxs var. Cəmiyyətimizin bərabər hüquqlu ayrılmaz hissəsi olan bu şəxslərin ictimai həyata qoşulmaları və öz töhfələrini verməsi üçün onların  jest dilini bilmələri vacibdir. Jest dilini bilmək təkcə nitq və eştimə məhdudiyyətli şəxslər üçün deyil, eyni zamanda onlarla sıx ünsiyyətdə olan doğmaları və yaxınları üçün də çox önəmlidir.

Bir neçə il öncəyə qədər Azərbaycan dilinin jest dilini öyrənmək həmvətənlərimiz üçün çətin idi. Bunun bir sıra səbəbləri vardı. İlk olaraq, Azərbaycan dilinin jest dili standart deyildi. İkincisi isə jest dilini öyrədəcək müəllimlərin say məhdudluğu idi. Bu maneələri aşıb jest dilini öyrənmək, xüsusən bölgələrdə yaşayan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün demək olar ki, mümkünsüz idi. Bunu nəzərə alaraq “Nar” Azərbaycanda ilk dəfə olaraq məhz eşitmə məhdudiyyətli həmvətənlərimiz və onların doğmalarının, eləcə də, istəyən hər kəsin jest dilini öyrənməsi üçün “jestdili.az” – Azərbaycan dilinin elektron lüğəti layihəsini həyata keçirib. Peşəkarların həyata keçirdiyi bu layihənin gedişatında Azərbaycan dilinin jest dili də standartlaşdı və jestdili.az bir mənbəyə çevrildi. Jestdili.az qısa müddət ərzində eşitmə məhdudiyyətli şəxslərlə yanaşı onların yaxınlarının da jest dili öyrənməyinə kömək edən əsas vəsait kimi formalaşdı.

Ötən il elektron lüğətin bazasının genişlənməsini və istifadəçilərin jest dilini daha asan öyrənməsini təmin etmək məqsədilə, layihənin ikinci mərhələsinə start verildi. Bu dəfə ADA Universitetinin tələbə və müəllimlərindən ibarət komandası  “jestdili.az” saytına yeni söz və cümlələrin izahlı videolarını, eyni zamanda lüğətin istifadəsini asanlaşdıran yeni funksiyalar əlavə etdi. Yenicə yekunlaşmış layihənin üzərində işləyən ADA komandası jestdili.az-da sosial həssaslıq və peşəkarlıq baxımından edilən dəyişikliklər barədə fikirlərini bölüşüb.

ADA Universitetinin tələbəsi və jestdili.az-ı yeniləyən komandanın rəhbəri Amir Adamov deyir ki, mənə bu layihədə işləmək təklif edilməzdən öncə də “jestdili.az”la tanış idim. “Ailədə qardaşlarım eşitmə məhdudiyyətli olduğu üçün “jestdili.az” ilə çox maraqlanırdım. Layihə ilə bağlı təklif gələndə təbii ki, bu işdə yaxından iştirak etmək istədim. “Jestdili.az”da ediləcək yeniliklərin texniki tərəfində işlədiyim üçün bu yeni bir konsepsiya kimi çox maraqlı idi. Biz saytda daha çox istifadəçiyönümlü yeniliklər etməyə çalışmışıq. Hesab edirəm ki, etdiyimiz dəyişilik və yenilklərdən sonra saytdan istifadə etmək daha rahatdır”.

Jestdili.az-da dəyişikliklər edən layihənin iştirakçılarından biri olan ADA Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi Nərgiz Bayramova niyə  məhz bu layihəyə üstünlük verməsinin səbəbi sadalayanda deyir ki: “Mən web development sahəsində karyera qurmağı düşünürəm. İlkin mərhələdə dizayn yeniliklərinə ehtiyac olduğunu gördük. Sonra saytda olan boşluqlara daha çox diqqət yetirərək yeni ideyalarımızı formalaşdırdıq. Amirin ideyaları bizə boşluqların araşdırılması prosesində çox kömək oldu”.

Karlara Dəstək İctimayi Birliyinin Sədr Müavini, layihənin koordinatoru olan 22 yaşlı Heydər Rəhimlinin hər iki valideyni nitq və eşitmə məhdudiyyətlidir. Dünyaya gəldiyi gündən valideynləri ilə məhz jest dili vasitəsi ilə ünsiyyətdə olması jest dilini onun ana dilinə çevirib. Hazırda “Karlara Dəstək” İctimai Birliyinin sədr müavini və jest dili mütəxəsisi olan Heydər jestdili.az layihəsinin ikinci mərhələsi barədə deyib ki, Azərbaycanla yanaşı, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan 15  ölkədən sadəcə bir-ikisində belə bir sayt var. “Biz 2019-cu ildə bu layihəyə başlayan zaman sayta ünsiyyət üçün ən vacib sözləri əlavə etdik. Bura təqribən 3000-ə yaxın söz daxil idi. İkinci mərhələdə isə  bura  500 yeni söz, həmçinin 500 yeni cümlə əlavə etməyi təklif etdik. Bu təklifimizi “Nar” dəstəklədi”.

ADA Universitetinin Mühəndislik fakültəsinin müəllimi, layihənin rəhbəri  Nurəddin Sədili dedi ki, tələbələr özləri müstəqil şəkildə saytı inkişaf etdirirdilər. “Tələbələr  özləri araşdırırdı, verdikləri təklifləri müzakirə edirdik və əgər razılaşırdıqsa, tətbiqə keçirdilər. Amir və mənə isə təlimat və istiqamət vermək qalırdı. Qısaca olaraq, saytın interfeysi tamamilə dəyişdirilib: daha istifadəçiyönümlü, rahat və minimalist dizaynla tərtib edilib.

Başqa bir dəyişiklik isə izahedici videoların yayımlanma sürətini tənzimləmə funksiyasıdır. Yəni istifadəçilər izlədikləri videoların sürətini özləri tənzimləyə bilər. Həmçinin artıq videolar YouTube platformasında yox, birbaşa jestdili.az saytında göstəriləcək. Bu da videoların hər hansı bir sosial şəbəkədən asılılığını aradan qaldıracaq. Cümlələrə “sual-cavab”ın əlavə olunması da yenilikdir. Belə ki, saytda bir sıra suallar verilir və o sualların cavablarına uyğun cümlələr var. Bundan başqa sayta “yadda saxlamaq”, “bəyənmək” kimi istifadəçi kabineti özəllikləri də gətirilib”.

Əlbəttə ki, jest dilini öyrənmək eşitmə məhdudiyyətli insanlar, eləcə də onların dostları və ailə üzvləri üçün çox vacibdir. Bununla belə, jest dili hər kəsin inkişaf etdirə biləcəyi dəyərli ünsiyyət bacarığıdır. Jestdili.az bu bacarığı hər kəsin öyrənə biləcəyi şəkildə təqdim edir. Hazırda “jestdili.az”a daxil olaraq  4000 söz və ifadənin, ən çox istifadə edilən cümlələrin,  gündəlik həyatada sıx qarşılaşdığımız sualların və cavabların jestlər vasitəsi ilə “necə deyildiyini” öyrənmək mümkündür.

Qeyd edək ki, “Nar” Jestdili.az layihəsi əsasında eşitmə və nitq məhudiyyətli şəxslərə yönəlik layihələrinə görə 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası tərəfindən”Qızıl Dünya” mükafatına, 2022-ci ildə isə “Netty” Milli İnternet Mükafatına layiq görülüb.