Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, müdafiədə rektor, akademik Abel Məhərrəmov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, fakültənin müəllim və tələbələri də iştirak edib. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının diplomçusu Maral Nəcəfli “Tələbə qəzetinin tipoloji xarakteristikası. ““Jurnalist” qəzetinin fəaliyyət prinsipləri” adlı diplom işini təqdim edib.
Qəzetin tarixi, fəaliyyət istiqamətləri, vaxtilə həmin qəzetdə məqalələr dərc etdirmiş müəlliflər haqqında məlumat verən M.Nəcəfli, eyni zamanda “Jurnalist”in müasir durumu, toxunulan mövzular barədə danışıb, iş prosesində qarşılaşdıqları problemlər barədə məlumat verib. Sonra ona ünvanlanmış sualları cavablandıran M.Nəcəflinin diplom işi haqqında opponent rəyi müsbət olub.
Çıxış edən rektor Abel Məhərrəmov müdafiədə iştirakı ilə bağlı Maral Nəcəflinin müraciətini yüksək qiymətləndirdiyini bildirib. İddiaçının hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını qeyd edib və kitabını hədiyyə edib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təqdim edilən iş haqqında müsbət fikirlər səsləndirib, qəzeti ümummilli tələbə qəzetinə çevirmək istiqamətində təkliflər irəli sürüb.
Qeyd edək ki, fakültənin dekan müavini Könül Niftəliyevanın elmi rəhbəri olduğu buraxılış işi yüz balla qiymətləndirilib.
Sonra həmin kafedranın diplomçusu Tünzalə Paşayeva “BDU Mətbuat xidməti medianın informasiya mənbəyi kimi” adlı buraxılış işini təqdim edib.
Sonra Qızılgül Rəhimova «Azərbaycan telekanallarının inkişaf perspektivləri, Faiq Kərimoğlu «TV tok-şoularında mövzu seçimi problem kimi», Şəfa Dadaşova «2-ci Dünya müharibəsi dövrünün publisistləri: Rəsul Rza, Rza Quliyev», Çinarə İsmayılova «Azərbaycan media məkanında jurnalistin peşə etikası problemləri», Niftulla Məmmədli «Azərbaycan» qəzetində parlament mövzusu (1918-1920)” və Nərmin Əkbərova «Sosial mediada» etik davranış qaydalarının tətbiqi təcrübəsi» mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər.


Son xəbərlər
Son Xəbərlər