Jurnalistlər binasında kommunal xidmətlər dayandırılır

jurnalistler-binasinda-kommunal-xidmetler-dayandirilir
Oxunma sayı: 4746

İyunun 1-dən Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına “Jurnalist EVİ” MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır. 

“Qafqazinfo” Yenisabah.az-a istinadən xəbər verir ki, buna səbəb kimi yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib. 

Binanın komendantı Orxan Mehdiyev bildirib ki, binada yaşayan bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərlə tələb olunan borcları ödəmir:

“Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayanıdırlması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə standart, eyni insanlardır”.

***

Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda binanın idarəetməsi ilə məşğul olan “Jurnalist Evi” MMC  iyunun 1-dən etibarən fəaliyyətinə son verməyi planlaşdırır. Buna səbəb isə bina sakinlərinin əksəriyyətinin“Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina etməsidir. 

Yaranmış problemi araşdıran zaman məlum olur ki, buna səbəb sakinlərin böyük əksəriyyətinin kommunal xərcləri ödəməməsidir. Bina sakini olan jurnalistlərin bir qismi hesab edir ki, evi onlara dövlət verib, buna görə də xidmət haqqı ödəməməlidirlər. 

Onların bəziləri ilə söhbət zamanı “Dövlət bu evi bizə hədiyyə verib, biz xidmət haqqı niyə ödəməliyik?” sualını da ünvanlayıblar. 

Məsələ ondadır ki, artıq tamamilə özəlləşdirilmiş, xidməti istifadə üçün nəzərdə tutulmamış bu evlərin xeyli hissəsi ya satılıb, ya da yüksək məbləğlərə kirayə verilib. 

Jurnalistlərin yaşadıqları binalarda yaranmış problemlər barədə danışan, adının çəkilməsini istəməyən sakin deyib ki, yığılıb qalmış xidmət haqqı borcları artmaqda davam edir.

“Azərsu” ASC-dən saytın sorğusuna cavab olaraq bildirilib ki, abonentə borcunun olmasına dair sonuncu ayın bildirişi göndərilir və növbəti ay borc ödənilməzsə suyun verilişi dayandırılır: “Suyun kəsilməsinə əsas verəcək elə bir borc miqdarı yoxdur. Həmin şəxsə borcu olduğu barədə bildiriş verilir. Bildirişdən sonra növbəti aya qədər abonent borcunu ödəməyibsə və ikinci ayın bildirişini alırsa, suyun verilişi dayandırılır. Bu borc 1 manat da ola bilər, 100 manat da. Abonentin öhdəliyidir ki, ona verilmiş bildirişdən sonra 1 ay müddətində borcunu ödəsin”. 

“Azərişıq” ASC-dən isə bildirilib ki, abonentə bildirişi aldıqdan sonra 1 ay müddətində möhlət verilir. Həmin müddət ərzində əgər borc ödənilməyibsə, abonentə elektrik enerjisinin verilişi dayandırılır. 

Qeyd edək ki, bir neçə ay əvvəl yığıma və digər təşkilati məsələlərə nəzarət üçün sakinlərin özlərinin xahişi ilə sakinlərdən ibarət Müşahidə Şurası yaradılıb. Lakin bu da problemləri həll etməyib. 

Hətta jurnalist binalarının sakinləri xidmət haqqının məbləğinin 35 qəpiyə endirilməsini xahiş ediblər, bu məbləği tam və vaxtında ödəyəcəklərinə söz veriblər. Bundan sonra xidmət haqqı 35 qəpiyə endirilsə də, sakinlər bu məbləği də ödəməkdən imtina edib, borc daha da çoxalıb. 

MEDİA Agentliyindən bildirilib ki, Agentliyin Nizamnaməsində jurnalist binalarının sakinlərinə xidmət göstərmək kimi bir vəzifə nəzərdə tutulmayıb: “Bu günə qədər bu xidmətin göstərilməyə davam etməsinin səbəbi indiyə qədərki təcrübəni tətbiq etmək, sakinləri çıxılmaz vəziyyətdə qoymamaq olub. Lakin hazırda belə bir fəaliyyətin davam etməsi üçün hüquqi əsas yoxdur. Çünki sakinlər “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina edir, bu səbəbdən hazırda MMC və sakinlər arasında münasibətlərin hüquqi əsası yoxdur, yəni “Jurnalist Evi” MMC-nin sakinlər qarşısında hər hansı vəzifə və öhdəliyi mövcud deyil. Ümumi mənada isə müqavilə olmadan MMC-nin xidmət göstərməyə davam etməsi mümkünsüzdür”.

Media Agentliyi tərəfindən sakinlərə “Jurnalist Evi” MMC-nin ləğv edilməsi, özlərinin təşəbbüsü ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC-nin) yaradılması təklif edilib, prosedur izah olunub, lakin onlar bu təklif barədə də razılığa gələ bilməyiblər.