Bir qrup media nümayəndəsinin Masallı rayonuna media - turu təşkil olunub.
“Qafqazinfo” Azerfax.az-a istinadən xəbər verir ki, rayonda yeni istifadəyə verilmiş ASAN HƏYAT kompleksi mediaya təqdim olunub. “ASAN həyat” şəhərciyi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839.450-dən çox vətəndaşa xidmət göstərir. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.
Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyət göstərir.
"ASAN həyat" kompleksində sakinlər müntəzəm olaraq tibb müayinələrdən də keçirlər. Həm Masallı, həm də ətraf rayonların sakinləri burada hər hansı ödəniş etmədən yoxlanışdan keçə bilirlər.
Jurnalistlər həmçinin Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar.
İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov media nümayəndələri ilə görüşdə bildirib ki, insanların torpağa qayıtmasının, aqrar sahənin inkişaf etdirilməsinin tərəfdarıdır. R. Hüseynov deyib ki, özü şəxsən yerli sakinlərlə, kənd camaatı ilə görüşlər keçirib, hansı məhsulların gəlir gətirə biləcəyini müzakirə edir: "Çalışırıq ki, insanlarımızın torpaqla ünsiyyətini yenidən əvvəlki məcraya qaytaraq. Gedirəm kəndlərə, camaatla söhbət aparıram, bu il daha çox nədən gəlir götürə biləcəklərini izah edirəm. Deyirəm ki, məsələn, kələm, kartof əksəniz daha çox gəlir əldə edə bilərsiniz. İstədiyimiz odur ki, insanlarımız sərf etdikləri zəhmətin bəhrəsini görsünlər, əkin işləri kortəbii formada aparılmasın. Bazarı öyrənmək, hansı məhsula daha çox tələbat olacağını müəyyən etmək lazımdır".



Son xəbərlər
Son Xəbərlər