Kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıq genişləndirilir - Fotolar

kadr-potensialinin-guclendirilmesi-istiqametinde-emekdasliq-genislendirilir
Oxunma sayı: 2517

Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında kadr potensialının gücləndirilməsi istiqamətində elmi-texniki əməkdaşlıqla bağlı görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşdə aqrar sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, kadr potensialının təkmilləşdirilməsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyev və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədov imzalayıb. 

Sənədə əsasən tərəflər kənd təsərrüfatı və aqrar sənayedə bitkiçilik, heyvandarlıq və istehsal sahələri üzrə kadr hazırlığının qarşılıqlı surətdə təşviq edilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Əldə olunmuş razılığa əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarının elmi işçiləri “Agro Food İnvestments” Qrupuna daxil olan təsərrüfatlara mütəxəssis-ekspert qismində cəlb ediləcək, “Agro Food İnvestments” Qrupu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin məlumat bazalarından istifadə edə biləcək.