Kahramanmaraşdakı azərbaycanlıların vəziyyəti necədir? - Video

kahramanmarasdaki-azerbaycanlilarin-veziyyeti-necedir
Oxunma sayı: 3362

Bu gün səhər Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraş şəhərində yaşayan azərbaycanlıların vəziyyəti açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Diaspor TV-yə Sütçü İmam Universitetinin müəllimi və doktorantı olan azərbaycanlı Həmran Əmirli danışıb. 

O qeyd edib ki, Kahramanmaraşda qeydiyyatda 56 nəfər azərbaycanlı var. Lakin onların neçəsinin hazırda şəhərdə olduğu məlum deyil. Çünki bəziləri imtahanlar bitdiyinə görə Azərbaycana qayıdıblar: “Buradakı azərbaycanlılarla əlaqə saxlaya bilmirik. Çünki əlaqə vasitələri, telefon, internet işləmir. Səhər tezdən səfirlikdən bizimlə əlaqə yaradılıb. Mən hazırda universitetin ərazisindəyəm və bütün əlaqə saxlaya bildiyim azərbaycanlı tələbələri bura çağırıram”.

H. Əmirli vurğulayıb ki, yaşadığı bina zəlzələdən zərər çəkib: “Şəhərin köhnə yaşayış yerləri tamamilə yararsız vəziyyətdədir. Xəstəxanaların bəziləri zərər çəkdiyinə görə bağlanıb. Gecəni “Kızılay” təşkilatı və ya AFAD tərəfindən qurulan çadırlarında keçirəcəklərini düşünürlər”.