“Kalaşnikov”u 7 minə satarkən tutuldu - Video

kalasnikovu-7-mine-satarken-tutuldu
Oxunma sayı: 1867

Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt sakini, əvvəllər məhkum edilmiş Abuzər Abuzərov odlu silahı 7000 manata satmaq istəyən zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 60 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Abuzər Abuzərov “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Balaxanı qəsəbəsində evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Əli Əliyev tutularaq istintaqa təqdim edilib. Araşdırma nəticəsində onun Sabunçu rayonunun kənd və qəsəbələrində ümumilikdə 20-yə yaxın evdən oğurluq etdiyi müəyyən edilib. Həmçinin Əli Əliyev saxlanılan zaman ondan narkotik vasitə olan heroin də aşkar edilib.

Hər iki faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.