Milli Məclisin deputatı Kamal Cəfərov həmkarı Qüdrət Həsənquliyevin ona tutduğu irada münasibət bildirib.
K. Cəfərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət qulluqçusu ilə deputatın funksiyalarını kifayət qədər yaxşı bilir:
“Hər iki vəzifənin əsas məqsədi xalqın xidmətçisi olmaqdır. Statusdan asılı olmayaraq mən özümü xalqın xidmətçisi hesab edirəm. Həmkarımın isə fərqli düşüncəsi ola bilər.
Digər tərəfdən dövlət qulluğuna qəbul zamanı test imtahanının əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, müvafiq bilik və bacarığı olan namizədlərin vəzifəyə təyin edilməsidir. Vaxtı ilə bu qanunun qəbulu zamanı məqsəd də bu olub. İlkin görünüşdən Qüdrət müəllimin dövlət qulluğuna bütün vəzifələr üzrə qəbulun yalnız müsahibə yolu ilə keçirilməsi təklifi yaxşı səslənsə də, hesab edirəm ki, bu, dövlət qulluğu sahəsində korrupsiya və ədalətsizliyə yol aça bilər".
Xatırladaq ki, Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında “Mən təəssüf edirəm ki, həmkarım Kamal Cəfərov dövlət qulluqçusuyla Milli Məclisin deputatlarının funksiyalarını ayırd edə bilmir” açıqlamasını verib. O bildirmişdi ki, qanunu təqdim edən şəxslərin bir məsələ ilə bağlı tam əminliyi yoxdursa, belə hallarda danışmamalıdırlar.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər