Kamal Əhməd dünyası “Xalq Əmanəti”ndə - Fotolar

Kamal Əhməd dünyası “Xalq Əmanəti”ndə
Oxunma sayı: 1141

Mayın 19-da Xalq Bankın Əsas binasında Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin həyat və yaradıcılığına həsr olunmuş bədii albomun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib. Sayca 15-ci nəşrin təqdimatına ölkənin tanınmış sənət adamları toplaşıb.

"Qafqazinfo" xəbər verir ki, tədbirin aparıcısı Dilarə Səlim “Xalq Əmanəti” layihəsi haqda, 2010-cu ildən bu günədək nəşr olunan kitablar və keçirilən sərgilər haqda məlumat verib. O qeyd edib ki, xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan layihənin nəşrləri üç dildə təqdim olunur və ölkənin təhsil müəssisələrinə, kitabxanalara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzey və kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Daha sonra Kamal Əhməd haqda söz açan aparıcı onun mürəkkəb taleyindən, seçdiyi çətin yoldan və yaradıcılığının müxtəlif mərhələlərindən danışıb. Qonaqlar işığına toplaşdıqları Kamal Əhmədi yad edərək onunla bağlı ürək sözlərini deyiblər. 

Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı İncəsənət Mərkəzinin direktoru  Rafael Gülməmmədli, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, yazıçı Azər Abdulla, şair Çingiz Əlioğlu, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə və digər tanınmış sənət adamları, rəssamın dostları və ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.

Kamal Əhməd oğlu Əhmədov 1940-cı il fevralın 28-də Bakı şəhərində anadan olub. Erkən yaşlarında valideynlərini itirən balaca Kamal uşaq evində tərbiyə alır, çətin və məşəqqətli tale yaşayır. Rəssamlığa həvəsi onu Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq o, Kamalı çox bəyənir və ona kömək edir. Kamal Əhməd lap gənc yaşlarından başqalarına bənzəməmək, tamamilə fərqli olmaq istəyirdi. Səttar Bəhlulzadə, Cavad Mircavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi sənətkarları özünə müəllim bilən rəssamın yaradıcılığı çoxşaxəli və mürəkkəbdir.

Kamal Əhməd yaxınları, dostları, həmfikirləri olmasına baxmayaraq həyat yolunda tənha səyyah  kimi tərki-dünya olub yaradır və bu sirli ayinə heç kimi yaxın buraxmırdı. Öz əsərləri haqqında danışmağı sevmir, rəngkarlığı haqqında heç bir müzakirəyə yol vermir, daxili aləmini hamıdan gizlədirdi. O, öz qəlbini yalnız kətan üzərindəki obrazları vasitəsi ilə, öz-özü ilə sonsuz ünsiyyətdə ifadə edirdi. Kətan üzərində uydurulmuş dünya onun doğma aləmi idi və o, müəyyən fikirlərini təsvirlərdə şifrələmiş, illər ərzində müxtəlif assosiasiyalar yaradan metafora, simvol və işarələrdən ibarət xüsusi dil formalaşdırmışdı.

O, əmin idi ki, incəsənəti yalnız və yalnız duymaq olar. Onu izah, şərh etməyin lüzumsuzluğunu, rəssamın şəxsiyyətini, onun dünyagörüşünü anlamaq üçün açar axtarmağın, onu dərindən hiss etməyin, qəlbindəki çağırışına canlı, səmimi cavab tapmağın vacibliyini vurğulayırdı. Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanan, digər böyük mütəfəkkirlərdən bəhrələnən, üfüq xətti kimi xəyali və əlçatmaz həqiqət axtarışında əsl dərvişə çevrilən rəssam yoxsulluq, səfalət içində yaşayır, uzun müddət sənətkar kimi nə şöhrət tapır, nə də ad-san – buna baxmayaraq dünyanın heç bir naz-neməti onu əsl sənət yolundan dönməyə məcbur edə bilmir.

İlk fərdi sərgisini 47 yaşında keçirməyə müvəffəq olan rəssam ömrünün son illərində yaradıcılığını geniş tamaşaçının seyrinə təqdim edə bildi. Elə bu dönəmdən  başlayaraq Kamal Əhmədin əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilir, azərbaycanlı rəssamın fırçasından çıxan gözəl işlər muzey və şəxsi kolleksiyaları bəzəyir. Rəssam 1994-cü ildə 54 yaşında dünyasını dəyişib.

 

 

 

 

 

 

 

 

 

 











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi