24-cü 20 yanvar gəldi. O qan yerdə qaldı. Şaxta dondurdu, yağış yudu, günəş qurutdu. Xeyiri olmadı amma...
24 il bir igidin ömrüdür. 24 il öncə rus qoşunlarının qarşısına əliyalın çıxan insanlar həm də ölümdən qorxmamağın mümkünlüyünü isbat etdilər. Hələ də mübarizlər, fəridlər doğulursa demək ki, bu millətin alnındakı o qan ləkəsini yuyacaq oğullar var. Məsələ burasındadı ki, bizi məğlubiyyət tarixlərimizin ildönümlərini qeyd etməyə adətkar öyrədiblər. Biz bir şeyi bacarırıq: məğlubiyyətlə barışmağı. Psixologiyamız zəifdi. Humanistik. Ermənilərə psixoloji müharibədə uduzmağımız bunu bir daha təsdiqlədi...
Unutmaq üçün həmişə səbəb tapırıq. “Torpağın üzü soyudu” deyirik. Ölən adamın yaxınlarına “Onu əlinizdən alan Allah könlünüzdən də alsın” sözlərilə təskinlik veririk. Həmin adam öz əcəli ilə ölsə də bu cür təsəlli veririk, öldürülsə və qatili tapılmasa da.
20 yanvarın ildönümündəyik. Yenə Şəhidlər Xiyabanını ziyarət edəcək, məzarların üstünə qırmızı qərənfillər düzəcəyik. Tarix eşələnəcək, günahkarlar göstəriləcək, nişan veriləcək, sonra da “bu qan yerdə qalmayacaq” kimi 24 illik tarixi olan müdhiş yalan söylənəcək.
Kamança zarıyacaq, qaboy inildəyəcək. Uzağı, 3-4 gün. Sonra yenə həyat davam edəcək. Kamança, qaboy gedəcək, gitara, nağara gələcək. 3-4 gün öncə şəhidlərin məzarına qərənfil düzən xalqın oğulları kameralar önündə gitara sədaları altında hoppanıb-düşəcək. Yenə gündəmdə başqaları olacaq. Yenə kimlərsə maşınlarını, evilərini nümayiş etdirəcək, dalaşacaq, barışacaq, soyunacaq, geyinəcək....
Beləcə, fəsillər dəyişəcək, aylar ötəcək və növbəti 20 yanvar tarixinə gəlib çatacağıq. Yenə kamança, qaboy, qırmızı qərənfil və yerdə qalan qan... Yenə fəsillər, aylar, illər, yenə qırmızı qərənfillər və qıpqırmızı yalanlar. Elə bir vaxt gələcək ki, günahkarlar cəzalandırılmadan, məşhər ayağına çəkilmədən, ədalət məhkəməsi önündə cavab vermədən öz əcəli ilə ölüb gedəcək. O qan isə yerdə qalacaq...
Həyat davam edir. Yetər ki, unutmağa bəhanələr tapılsın...
Son xəbərlər
Son Xəbərlər