“Kamil Vətəndaş”ın rəhbəri buraxıldı

kamil-vetendasin-rehberi-buraxildi
Oxunma sayı: 1641


“Qafqazinfo”nun məlumatına görə, Vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, qərar aprelin 2-də Gəncə Şəhər Nizami Rayon Məhkəməsində çıxarılıb.

Həsən Hüseynli martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı.

O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə araşdırır.

“Media forum” saytı bildirir ki, polisin nəzarəti altına vermə qətimkan tədbiri növüdür.

Cinayət-Prosessual Məcəlləsinin 169-cu maddəsinə görə, polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.

Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Polis orqanı göstərilən qərarı qəbul etdikdən sonra 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi çağırmalı, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.