Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında - Foto

kamran-eliyev-beynelxalq-prokurorlar-assosiasiyasinin-iclasinda
Oxunma sayı: 1262

Azərbaycan prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan prokurorluq orqanları Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 4-5 aprel tarixlərində Norveç Krallığının Oslo şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 47-ci iclası keçirilib. Tədbirdə ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və təşkilatın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir zamanı Assosiasiyanın İcraiyyə Komitəsinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətlərini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan bir sıra hesabat və sənədlər, o cümlədən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə əlaqələri tənzimləyən normativ sənədin qəbulu,  Assosiasiyanın Hərbi Prokurorlar Şəbəkəsi ilə Beynəlxalq Hərbi Hüquq Cəmiyyəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr keçirilib. Bundan əlavə, təşkilatın prezidentliyinə Cənubi Koreya Respublikasının Busan vilayətinin baş prokuroru Çeol-Kyu Hvanqın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunub. 

Tədbirdə çıxış edən Kamran Əliyev həyata keçirilən cinayət qanunvericiliyinin dekriminallaşdırılması və liberallaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatlar, həmçinin qətiyyətli korrupsiyaya qarşı mübarizə tədbirləri barədə iştirakçılara ətraflı məlumat verib.

İclasda çıxış edən qurumun İcraiyyə Komitəsi və Katibliyinin rəhbər şəxsləri Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulamaqla, ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə bir sıra ölkələrin təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

İclasda İcraiyyə Komitəsinin növbəti 48-ci iclasının və Assosiasiyanın 24-cü İllik Konfransının 2019-cu ilin sentyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçirilməsi qərara alınıb.