Kamran Əliyev Qırğızıstandadır - Fotolar

kamran-eliyev-qirgizistandadir
Oxunma sayı: 1703

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının (TDT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş prokurorlarının növbəti iclaslarında iştirak etmək məqsədilə Bişkek şəhərinə işgüzar səfərə gedib.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Baş prokuror ölkəmizin Qırğızıstandakı Səfirliyinə gələrək diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb.

Daha sonra nümayəndə heyəti Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziya təhsil-tərbiyə kompleksində türk dünyasının görkəmli xadimi Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.

Həmçinin, Bişkekdə fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəb və Dostluq Parkı ziyarət olunub.

İyulun 24-də bir sıra ikitərəfli görüşlər keçirilib.

Belə ki, Qırğızıstanın yeni təyin edilmiş Baş prokuroru Maksat Asanaliyevlə keçirilmiş görüşdə Kamran Əliyev eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Qırğızıstanın Baş prokuroru ölkəmizin hüquq-mühafizə, xüsusilə prokurorluq orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində qabaqcıl təcrübə mübadiləsinin önəmindən bəhs edib.

Görüş zamanı əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə iki ölkə arasında Əməkdaşlıq haqqında Razılaşmanın və onun icrası istiqamətində 2025-2026-cı illər üçün Əməkdaşlıq Proqramının imzalanıb.

Səfər çərçivəsində Baş prokuror Türkiyənin yeni təyin olunmuş Baş prokuroru Muhsin Şentürklə görüşüb.

Həmçinin, səfər zamanı Kamran Əliyev TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev ilə görüş keçirib.

Görüşlərdə ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.