Kamran Əliyevin müəllimi təqaüdə göndərilməsindən narazıdır

kamran-eliyevin-muellimi-teqaude-gonderilmesinden-narazidir
Oxunma sayı: 6227

Gəncədə 30 nömrəli məktəbin keçmiş direktoru İlham Həsənov əsassız olaraq təqaüdə göndərildiyini iddia edir.

Keçmiş direktor “Qafqazinfo”ya müraciət edərək bildirib ki, pedaqoji fəaliyyəti dövründə müəllim, direktor müavini, direktor, Təhsil Nazirliyində ştatdan kənar inspektor vəzifələrində işləyib.

Qeyd edib ki, 2020-ci il dekabrın 30-da, yəni 65 yaşı tamam olanda təqaüdə göndərilib və onunla bağlanan əmək müqaviləsinin müddəti uzadılmayıb. Əsas kimi həmin məktəbdə 9-cu sinif şagirdlərinin göstəricilərinin zəif olması göstərilib.

İ.Həsənov əlavə edib ki, 1985-ci ildə “Əmək İgidliyinə görə” medalını ümummilli lider Heydər Əliyev şəxsən ona təqdim edib. 2016-cı ildə o zamankı Təhsil naziri Mikayıl Cabbarov tərəfindən “Təhsildə xidmətə” görə fəxri fərmanı, 2018-ci ildə “Respublikanın əməkdar müəllimi” adını alıb. O, həmçinin Baş Prokuror Kamran Əliyevin müəllimi olduğunu bildirib.

İlham Həsənov fəaliyyətinə görə əldə etdiyi fəxri titullarını sadalayaraq təqaüdə göndərilməsinin əsassız olduğunu bildirib.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İlham Həsənov Əmək Məcəlləsi ilə müəyyən edilən tələblərə uyğun şəkildə çalışmanın yaş həddinə çatması ilə əlaqədar işdən azad edilib.

***

İlham Həsənov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, hazırda təqaüd yaşına çatan - Goranboy rayonu 100 nömrəli məktəbin əməkdaşı 71 yaşlı Fəxrəddin Mustafayev, Şəmkir rayonu 4 nömrəli məktəbin əməkdaşı 70 yaşlı Şıxlınski Məcid Osman oğlu, Gəncə şəhəri 5 nömrəli məktəbin direktoru 66 yaşlı İmranov Bəhram Əşrəf oğlu və Göygöl Üçtəpə kənd müəllimi 66 yaşlı Şəfiqə xanım hazırda işlərinə davam edirlər.  

İlham Həsənov iddia edir ki, onun pedoqoji fəaliyyəti zamanı əldə etdiyi uğurlar və fəxri titullar adıçəkilən şəxslərin nailiyyətlərindən daha çoxdur. İ.Həsənovun buna əsaslanaraq həmin şəxslərin işdə saxlanıldığı halda onun əsassız olaraq təqaüdə göndərilməsini ayrıseçkilik hesab edtdiyini bildirib.

Təhsil Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, çalışmanın yaş həddinə çatmış işçi ilə əmək müqaviləsinin müddətinin uzadılması qanunvericilikdə nəzərdə tutulan meyar və məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin səlahiyyətlərinə aiddir: "Hər bir hal üzrə bütün meyarlar qiymətləndirilib qərarlar qəbul edilir. Məktəbdə müqavilə müddəti uzadılmış digər işçilərin sayı, məktəbin buraxılış imtahanlarında nəticələri, onların rayonun digər məktəbələri ilə müqayisəsi, işçinin sağlamlıq durumu əsas meyarlardan hesab olunur.

Qeyd olunanlar təhlil olunub və İlham Həsənovla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib".