Kanada və Britaniya XİN rəhbərləri Dağlıq Qarabağda dərhal atəşkəsə çağırdılar

kanada-ve-britaniya-xin-rehberleri-dagliq-qarabagda-derhal-ateskese-cagirdilar
Oxunma sayı: 3794

Böyük Britaniya və Kanadanın Xarici İşlər nazirləri Dominik Raab və Fransua-Filip Şampan Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşi dərhal dayandırmağa və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasına çağırıblar. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatı bazar ertəsi axşam Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

“Kanada və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlar haqda xəbərlərdən çox narahatdırlar. Mülki əhali arasında yaşayış məntəqələrinin atəşə tutulması və tələfatlarla bağlı məlumatlar dərin narahatlıq doğurur. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəsə əməl olunmasına və mülki şəxslərin qorunmasına çağırırıq”, - bəyanatda deyilir.

Nazirlər, həmçinin vurğulayıblar ki, Dağlıq Qarabağdakı münaqişənin istənilən həlli zorakılığın qəbul edilməməsi prinsipinə əsaslanmalı və ATƏT-in Minsk Qrupu tərəfindən müəyyən edilmiş çərçivədə danışıqlar və sülh yolu ilə həll edilməlidir.  

“Biz ATƏT-in Minsk Qrupunun işini və həmsədrlərin dünənki bəyanatını tam dəstəkləyirik”, - deyə birgə bəyanatda qeyd edilir.