Amerika Birləşmiş Ştatlarında istər elm adamları, istərsə də kino və teatr nümayəndələri daim axtarışda olurlar. Bəzən bir filmin çəkilişi üçün yüzlərlə adamı kastinqlərdə sınaqdan keçirir, hətta ictimaiyyət arasından da onları tapıb Hollivuda gətirirlər. Yaxud, elm adamları bu sahədə az-çox istedadı olan şəxslərə kömək edib yüksək maaş verməklə istər öz müəssisəsinə, sonda isə dövlətə xeyir vermiş olur.
Elbrus Ərud doğrudan da kapitalistdir. “Marksizm-leninizm”dəki vəhşi kapitalizm nümayəndələrindən yox. Sözün yaxşı mənasında olan kapitalist. Həm də “Qafqazinfo”nun rəhbəri kapitalist olmağı rəsmən qarşıya qoymayıb. Bu onda fitrərən olan xüsusiyyətdir. Bəzi misalları çəkim.
Mənim onunla ilk görüşüm tədbirlərin birində baş tutdu. İki gün əvvəl “Qafqazinfo” saytının redaktoru Elnur Məmmədliyə “Lenin yapon agenti olub” adlı məqalə göndərmişdim. O da məmnuniyyətlə yazımı dərc etmişdi. Elbrus Ərud həmin tədbirdə ərkyana yaxınlaşıb görüşdü və birbaşa mətləbə keçdi: “Sizin yazı üslubunuz xoşuma gəlir, yenə bizə yazın”. Doğrusu, təəccübləndim. Çünki belə hallar bizdə az olur. Bizdə adama birbaşa yaxınlaşıb belə bir təklif etmək tək-tük hallarda baş verir. Qərbdə isə adi haldır. Məsələn, CNN-in qoca aparıcısı Lari Kinq günlərin birində rəhbərliyə bildirmişdi ki, “dəvətə əsasən başqa kanala keçirəm”. Rəhbərlik ondan hansı məbləğə başqa kanala keçdiyini soruşanda Lari Kinq hazırkı iş yerindən 30 min artıq alacağını bildirmişdi. CNN rəhbərliyi onun məvacibini 40 min artırıb işində saxlamışdı. Əgər bir nəfər onun kanalına şöhrət gətirirsə belə kadrı niyə də itirsin?! Elbrus Ərud da məhz belə kapitalistdir. Kiminsə yazı üslubu xoşuna gəlirsə, niyə də rəhbərlik etdiyi saytla əməkdaşlıq etməsin, yaxud yazıları dərc olunmasın.
Onun kapitalist olmasına dair daha bir misal. Elbrus saytın bütün əməkdaşlarını redaktor gözündə görür. Onları gələcəyə, müstəqil fəaliyyətə hazırlayır. Təsəvvür edin, onun özü və əsas sütunu Elnur Məmmədli məzuniyyətdə olsalar belə, sayt fəaliyyət göstərəcək. Necə ki, saytın gənc əməkdaşı Günel Əbilova bir müddət saytı müstəqil şəkildə idarə etdi. Bu yaxşı xüsusiyyətdir. Əməkdaşlar gələcəkdə müstəqil fəaliyyət göstərsələr “Elbrus məktəbi”nin nümayəndələri olduqlarını həmişə qeyd edəcəklər. Yəni Elbrus bəzi redaktorlar kimi “mən olmasam, hamınız batarsız” prinsipi ilə özünəhörməti və qorxunu təlqin etmir. Əksinə, bildirir ki, hamınız istedadlısız və saytın sütunusuz. Belə olanda işçi daha da əzmkarlıqla işləyib saytın hörmətini qaldırır.
Hər bir əməkdaşın əhəmiyyətli olmasını göstərmək kapitalizmdə “insan amili” tendensiyası ilə üst-üstə düşür. Məsələn, Ümumdünya Maliyyə Böhranı zamanı Amerika şirkətlərindən fərqli olaraq, Yaponiya şirkətləri böhranı az itki ilə başa vurdular. Amerika şirkətlərinin rəhbərləri işçilərə maliyyə böhranı ilə üz-üzə qalmalarını deyib yardım istəyəndə, onlar müdirin çağırışına mənfi reaksiya verdilər. Çünki bu həmin müdir idi ki, dar günlərində onlara kömək etməmiş, məvaciblərini kəsmiş, yaxşı əməkdaşları ixtisara salmışdı. Və keçmişdəki ədalətsizlik ucbatından əməkdaşlar rəhbərliyə kömək etmədilər, şirkət uduzdu. Yaponiyada isə əməkdaşlar müdirin çağırışına müsbət reaksiya verdilər. Çünki rəhbərlik çətin günlərində əməkdaşlara kömək etmiş, məvaciblərini artırmışdı. Vəziyyətin gərginliyini görən əməkdaşlar çətin gündə şirkətə kömək edib maliyyə böhranında əzmkarlıq nümayiş etdirdilər. Elbrus da belədir. İndiki günlərində əməkdaşlara köməklik edir ki, onlar da dar gündə yardım əllərini uzatsınlar. Bax, bu yaxşı kapitalizmdir.
Elbrus həm də sərbəst mühit yaradıcısıdır. Təsəvvür edin saytın ofisində olarkən bir halı müşahidə etdim. Gördüm ki, onun qapısı həmişə açıqdır. İşçilərdən kimsə çay içə-içə onun otağına girib otura, yaxud sərbəst şəkildə patronları ilə istənilən mövzuda söhbət edə bilərlər. Amma “Azərbaycan” nəşriyyatında ayda-ildə bir dəfə çıxan qəzetlərin redaktorlarının qəbuluna getsəniz, ən azından bir saat gözləyəcəksiniz. Bu cılızlıq əlamətidir və vəzifəsindən qorxanlar bu yolla varlıqlarına hörmət qoyulmasını tələb edirlər. O rəhbərin qapısı həmişə açıq olur ki, o hansısa əməkdaşın yerinə keçməsindən qorxmur. Çünki özünün potensialını bilir. Həm də belə düşünüb lağlağı obyektinə çevrilmir. Elbrus Ərud belə sərbəst mühit yaradır ki, əməkdaşlar özlərini evdə hiss etsinlər.
Axı, həm də “Qafqazinfo” bir ailədir. Hər bir əməkdaşının üzündən gülüş əskik olmayan ailə. 5 yaşınız mübarək, əzizlərim.