“Qafqazinfo”ya daxil olan məlumata görə, kitabın təqdimat və imzalanma mərasimində yüzlərlə insan, özəlliklə gənclər qatılıb. Malatya valisi, Malatya İ.İnönü Universitetinin rektoru və universitetin bir çox alimləri, bələdiyyə başqanları, millət vəkilləri, o cümlədən Türk dünyasından bir çox insanlar da “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və araştırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı konfrans da verib. Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı, nisgil dolu hekayələri yer alıb.