“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirildi

karabakhcenter-layihesi-esasinda-fotosergi-kecirildi
Oxunma sayı: 1024

Qarabağ Dirçəliş Fondu uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə, həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.

Tədbirdə QDF-in Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırımla yanaşı, ölkədə ictimai rəyin formalaşmasında, 44 günlük müharibə ərzində Qarabağ mövzusunun daha geniş kütləyə çatdırılmasında rolu olan bir çox tanınmış ictimai simalar və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun yaradılması, məqsəd və vəzifələri, hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verib. O, erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş fotosərginin əhəmiyyətindən danışaraq, bu formada tədbirlərin mütəmadi şəkildə keçiriləcəyini bildirib.

Xatırladaq ki, bir müddət öncə ictimaiyyətə təqdim olunan “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

Tədbirdə fotosərgi ilə yanaşı dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.