Karateçimiz Tokio Olimpiadasına vəsiqə qazandı - Foto

Karateçimiz Tokio Olimpiadasına vəsiqə qazandı
Oxunma sayı: 1320

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizə aparırlar.

"Qafqazinfo" xəbər verir ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışda altı idmançımızdan üçü - Neda Rezai (kata), Firdovsi Fərzəliyev (67 kiloqram) və İlahə Qasımova (55 kiloqram) yarışların birinci günü turnirə qatılıb. Onlardan kumite yarışlarında Firdovsi Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

İlkin mərhələdə Li Jinvaya (Koreya), Luka Spitzə (İsveçrə) 2:0, Ramil Makaalaya (Filippin) 1:0, Şaban Abdullaya (Küveyt) 2:1 və Vinisius Fiqueyraya (Braziliya) 1:0 hesabı ilə qalib gələn F.Fərzəliyev, yarımfinalda Martial Tadissiyə (Macarıstan) 2:5 hesabı ilə məğlub olub. Bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edən karateçimiz Tokio Olimpiadasına lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı da qazanıb.

Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə üçüncü yeri tutan F.Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə alıb.

Turnirin ilk günü çıxış edən digər idmançılarımızdan Neda Rezai (kata) və İlahə Qasımova (55 kiloqram) ilk görüşlərdə məğlub olublar.

Qeyd edək ki, yarışda hər çəki dərəcəsində ilk üç yeri qazanan idmançılar Olimpiya lisenziyaları əldə edəcəklər. İyunun 13-dək davam edəcək turnirdə 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparır.