““Karvan”ın konsertinə sponsor olmaq istəmədilər”

karvanin-konsertine-sponsor-olmaq-istemediler
Oxunma sayı: 3857

24-25 may tarixlərində Heydər Əliyev Sarayında “30 ildən sonra Karvan qrupu” adlı konsert proqramı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən sonra təşkilatçı Zəhra Bədəlbəyli bəzi məqamları açıqlayıb.

O, təəssüfləndiyi məqamlardan yazıb: “Biz konsertimizi etmək üçün, demək olar ki, bütün ən böyük şirkətlərə müraciət etdik, tanınmış brendlərə... “Karvan” eşidəndə dedilər ki, maraqlı deyil.

Marketinqdən başı çıxan insan kimi çox təəccüblənmişdim. Necə ola bilər ki, hansısa qeyri-peşəkar xarici musiqiçilərə o qədər dəstək var, amma bizim estrada musiqisinin təməlini qoyan, həqiqi canlı əfsanə olan “Karvan” qrupuna dəstək yoxdur?”

Bədəlbəyli konsertin baş tutmasında reklamla barter olaraq göstərdiyi dəstəyə görə dostlarına, Mədəniyyət Nazirliyi, Azərbaycan Diasporuna Dəstək Fondu və balaca şirkətlərə təşəkkürünü bildirib: “Amma sponsorlar, hansılar ki, bizim işimizi maddi cəhətdən qat-qat asanlaşdıra bilərdi - heç kəs dəstək olmadı”.

Təşkilatçı sözlərinə bunları əlavə edib: “Çox istərdim ki, böyük şirkətlərin marketinq və PR menecerləri büdcə yazanda maraqlı layihələr üçün, məhz yaradıcı insanlar üçün əvvəldən orada hansısa məbləği ayırardı. Sonra deməzdilər ki, büdcə ancaq reklam üçündür, belə layihələr üçün nəzərdə tutulmayıb”.

Bədəlbəyli iki gün davam edən konsertdə anşlaq yaşandığını bildirib: “Təxmini 3400 nəfər sizin reklamınızı görə bilərdi. Və bununla yanaşı, tarixi bir günün parçası ola bilərdiniz. Amma olmadınız. Və təşkilatçı kimi onu deyə bilərəm ki, bu çətinlikdən də çıxacağıq. Dəstək olsaydı, çətinlik heç olmazdı”.

O, sözlərinə belə yekun vurub: “Sonra yazmayım ki, musiqiçilərin səviyyəsi düşüb, şoular bayağıdır.  Çünki peşəkarlığa, əsl istedada və yaradıcılığa mükəmməl dəstək olmalıdır. Bu dəstəyi siz mütəmadi olaraq etsəniz, siz də öz peşəkarlığınızı bununla təsdiqləmiş olacaqsınız, çünki marketinq və ələlxüsus da PR menecerlər cəmiyyətin nəbzini tutmalıdır”.