“Kaş, onlar qayıtsınlar” - Elnur Abdullayev

kas-onlar-qayitsinlar
Oxunma sayı: 1280

Topaz Premyer Liqasının 22-ci turunun açılış matçında “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazanan “İnter”in yarımmüdafiəçisi Elnur Abdullayevin “Qafqazinfo”ya müsahibəsi:

- Yəqin ki, 3 turdan sonra qələbə qazanmağın sevinci bir başqadır?

- Qış fasiləsindən sonra 3 oyunun hamısında yaxşı çıxış etsək də, nəticə qazana bilmirdik. Uğursuzluq axır bitməli idi. Bugünkü qələbəyə çox ehtiyacımız var idi. Çünki bu qalibiyyətlə komanda özünə gələcək və əhval-ruhiyyə yüksələcək. Həm yaxşı oynadıq, həm qalib gəldik. Qarşıda “Qarabağ”la çətin oyun var və ona çox ciddi hazırlaşmalıyıq.

- Yaxşı oynadıq dediniz. Amma matça baxsaq, “Kəpəz” ikinci hissənin son 20 dəqiqəsini tamamilə hücumda keçirdi. Bu qədər arxaya çəkilmək sizə baha başa gələ bilərdi...

- Bilirsiz, bizim oyunun əvvəlində də, ikinci hissəsində də xeyli qol imkanlarımız oldu. Hesabı 2:0 etsəydik, daha rahat çıxış edərdik. Amma əksər vaxt uduzan komanda oyunun sonlarını hücumda keçirir. Bu gün də belə oldu. Rəqib hesabı bərabərləşdirmək istəyirdi.

- Turnir cədvəlindəki mövqeyiniz sizi narahat edir?

- Qarşıda hələ 14 tur və indidən proqnoz vermək çətindir. Növbəti oyunlarda qalib gəlməyə çalışacağıq. Məsələn, geridə qalan 2 dövrədə elə vaxt oldu ki, ardıcıl qələbələr qazandıq və turnir cədvəlində irəlilədik. Amma fasilədən sonra 3 tur 3 xala həsrət qaldıq. Bunların normaldır və düşünürəm ki, “İnter” uğur qazanacaq.

- Turnir cədvəlində indiki yerdə olmağınıza mövsümün əvvəlində olan problemlər çox təsir etdi?

- Deməzdim ki, sırf ona görə indiki mövqedəyik. İndi heç bir problemimiz yoxdur. Yeni prezident də bütün məsələləri həll edib. Sadəcə futbolda elə anlar olur ki, “qara zolağ”a düşürsən. Fikrimcə, bugünkü qələbədən sonra hər şey yoluna düşəcək.

- Komandanın əsas məqsədi nədir? İlk “3-lük”də qərarlaşmaq, yoxsa birincilik?

- Birincilik haqqında düşünmək üçün hələ tezdir. Amma ən azından ilk “üçlüy”ə düşməliyik. Avrokuboklara getmək lazımdır. Fikrimcə, çempionluq da hələ itirilməyib. Ona görə də nəsə demək çətindir.

- Çempionatın ümumi mənzərəsi necə görünür?

- Əvvəlki illərdəki kimi deyil. Çünki ötən çempionatlarda 8 komanda birincilik üçün oynayırdı, indi 2-3. Böhran da komandalara çox pis təsir etdi. Hamı görür ki, indi vəziyyət nə yerdədir. Ümid edirəm ki, biz bu situasiyadan üzüağ çıxarıq. Yenə 8 komandanın çempionluq üçün oynadığı illərə qayıdarıq.

- Mövsüm başlayanda “Qarabağ” və “Qəbələ”nin liderlik üçün yarışacağı, digər komandaların isə uzaqdan baxacağı deyilirdi. Çempionatın gedişatı göstərdi ki, bu düşüncə səhvdir. Amma real düşünsək, adıçəkilən 2 komandanın heyəti digərlərindən çox güclüdür...

- İndi Azərbaycan çempionatı elə hal alıb ki, ulduz futbolçu gətirməklə nəsə qazanacam deyə bilmərsən. Çünki gənc futbolçulardan qurulmuş elə kollektiv oyun oynayan komandalar var ki, özlərini yaxşı tərəfdən göstərirlər. Azərbaycan çempionatı indi fərqlidir. İndidən çempionatda “Qarabağ”ın çempion olacağını demək belə düzgün deyil.

- “İnter”ə yeni gələndə heyətə az düşürdünüz. Amma sonradan vəziyyət dəyişdi...

- Düzdür, heyətə az düşürdüm, amma indi vəziyyət yaxşıdır. Görünür, məşqçi məndən razıdır.

- Milli komandaya indiyə qədər 2 dəfə dəvət almısınız. Berti Foqts çağırmışdı. Prosineçkidən şans gözləyirsiniz?

- Hər zaman şans gözləyirəm. Bütün gücümlə milli komandaya kömək etməyə hazıram.

- Keçmiş komandalarından “Xəzər Lənkəran” pis vəziyyətdədir, “Simurq” isə dağılıb...

- İnanırsız ki, bunu düşünəndə adam çox pis olur. Mən “Xəzər Lənkəran”da illərlə oynamışam. Heyif ki, komanda bu durumdadır. Kaş, yenə güclü vaxtlarına qayıtsınlar. “Simurq” da Azərbaycan çempionatına dönsə, çox maraqlı olar.

Elsevər