Kasıbın son tikəsi daha dəyərlidir, yoxsa varlının?

kasibin-son-tikesi-daha-deyerlidir-yoxsa-varlinin
Oxunma sayı: 2438


Facebook istifadəçilərindən biri Özcan Dənizin orucluqdakı artıq israfla bağlı yazdığı sözləri, “kişi adamdır” şərhi ilə paylaşıb. Əvvəlcə, müğənninin fikirlərinin qısa xülasəsini sizə çatdırım: 

“Yoxsulların halını anlamaq üçün oruc tuturuq, ancaq iftar zamanı beş kasıb ailənin doya biləcəyi yeməyin yarısını yeyib, yarısını da zibilliyə atırıq”. Müğənninin fikrinə imkan daxilində sonra öz tərifimi yazacam. 

İndi paylaşımın altındakı şərhləri sizə təqdim etmək istəyirəm: “Qanında erməni qanı  var, buna görə kişidir?” , “Bu geydir, özü etiraf edib. Beləsinə kişi adam deməyə pis baxırlar”.  

Bu şərhlərdən daha ağrılısı bilirsiz, nədir? Şərh yazanlardan biri elə bizim həmkarımız, jurnalistdir. Şərhləri oxuduqdan sonra məndə belə sual yarandı: Hər hansı bir kəsin fikrini bəyənmək üçün əvvəl onun milliyətini, dinini, cinsiyyətini, elə lap olsun qanının tərkibini hökmən analiz etmək gərəkdir?! Sualımı yazan əsnada cavabı da ağlıma gəldi: Bu saydıqlarımdan əvvəl bizdə belə bir sualı formalaşdıranların beyninin olub olmadığını yoxlasaq, nə suallarımız yaranar, nə də cavablar axtarmaq məcburiyyətində qalarıq.

Gələk, başı bəlalı yazmaq istədiyim mövzuya. Özcan Dənizin çəkdiyi filmlərə xərclənən pulu da israf hesab etməyimi nəzərə almasaq sevimli müğənnimə fikrini belə gözəl ifadə etdiyi üçün təşəkkür edirəm. Uşaqların “acından öldüm” ifadəsində daha çox aclığın nə olduğunu anlamaq hissiyyatı var, nəinki saatlarla iftarı gözləyib 5-6 ailənin illik zülal ehtiyyatını bir oturanda tükətənlərin əməlində. İftarını qara kürü ilə açan bir insanın yoxluqdan anlayışı nə ola bilər axı? Onsuz da 100 qramlıq bir şeyə 100-200 manat verən bir insanın gün ərzindəki aclığından Ramazanın mahiyyətini anlamasını gözləmək su və xəlbir misalından o yana deyil. 

Keçən il cəmi 2, ya da 3 dəfə oruc tutdum. Bu 3 gün mənə bəs elədi ki, aclıq yox, isti yay günündə susuzluğun nə olduğunu dərk edim. Ona görə də, əvvəl biganə yanaşdığım Afrikada su quyusu açdırmaq layihəsinə nəsə bir köməyim dəysin deyə dostlarımla azacıq bir məbləğ toplamağa çalışdım. Bu, mənim 3 günümün özümə olan hesabatıdır. Səbəb və nəticə. Bu mahiyyəti dərk etmək yerinə niyə beynimizi hər il tüpürcəyin orucu pozub pozmamasını düşünməklə keçiririk? Heç kimə yox, özümüzə hesabat verək. Erməni olsun, xristian olsun, elə bizim bəyənmədiyimiz biseksual olsun. Ancaq adam olsun. Yaxşı adam olsun, bəs etməzmi? Mənə edər.

Son olaraq, fikrimcə, qərblilər hazırladığı sosial video-çarxlarla Ramazanın nə olduğunu bilmədən də mahiyyətini çox gözəl izah edir. Gündəlik baxdığımız, ancaq görə bilmədiyimiz nüansları elə göstərirlər ki, demək istəyənlərin ürəyindən çıxan tikan anlamaqda çətinlik çəkənlərin ürəyinə batır. Heç kimin yeməyini bölüşmək istəmədiyi adamla bir bomujun son loxmasını bölməsindən sonra belə bir sual verirlər: Sizcə, kasıbın son tikəsi daha dəyərlidir, yoxsa varlının? İndi mən də sizə deyirəm ki, əgər kasıb süfrənizin varlı nemətlərini kimlərləsə bölə bilirsinizsə, Allah orucunuzu qəbul eləsin.